AQTA aqrokimyəvi maddələrlə bağlı xəbərdarlıq edib

Son zamanlar aqrokimyəvi maddələrin idxalı ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bəzi sahibkarlıq subyektləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sınaqları aparılmayan, o cümlədən qeydiyyatdan keçməyən və mənşəyi məlum olmayan bir sıra aqrokimyəvi maddələrin (pestisidlər, o cümlədən herbisidlər, funqisitlər, insektisidlər, defoliantantlar, akarisidlər və gübrələr) ölkəyə idxalı cəhdləri müşahidə olunur.

Bu barədə Foodinfo.az-a Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən açıqlama verilib.

Məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu kimi cəhdlərin qarşısı qətiyyətlə alınır. Yalnız dövlət qeydiyyatına alınan, istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılan, etiketləşdirilən pestisidlər və gübrələrin idxalına icazə verilir.

Nəzərə almaq lazımdır ki, sınaqları aparılmamış, istifadəsi üçün müsbət rəy alınmayan və mənşəyi məlum olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi əhalinin sağlam qida məhsulları ilə təmin edilməsinə ciddi təhlükələr yaratmaqla yanaşı, əkinə yararlı məhsuldar torpaqların uzunmüddətli çirklənməsi və sıradan çıxmasına səbəb olur. Eyni zamanda, qanunvericiliyin tələblərinə uyğun olmayan bu cür aqrokimyəvi maddələrin istifadəsi təsərrüfat sahələrində çalışan insanların, həssas əhali qrupuna daxil olan hamilə qadınların, uşaqların, qocaların sağlamlığına ciddi fəsadlar törətməklə genofondumuza mənfi təsir göstərə biləcək hallara gətirib çıxara bilər.

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir ki, qeydiyyatdan keçməyən bu cür aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalına cəhd edən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.