Bu baxçalarda qida normasının pozulmasına gətirib çıxarır

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədəki körpələr evi-uşaq bağçalarının vəziyyəti ilə bağlı iclas keçirib.

Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşüb. Uşaq baxçalarındakı ümumi vəziyyətin öyrənilməsi məqsədi daşıyan görüşdə bir sıra məsələlərə diqqət çəkilib. Məlumat verilib ki, Gəncədə 42 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da cəmi 8-i tam təmirlidir.

Digər 34 körpələr evi-uşaq baxğasında əsaslı təmir-tikinti işlərinə ehtiyac var. Bu binalarda istilik sistemlərinin nasaz vəziyyəti, avadanlıqların köhnə olması uşaqlarla təlim-tərbiyyə işinin müasir standartlar səviyyəsində qurulmasına maneəçilik törədir. Bunlarla bərabər qida təminatı məsələsi də gündəmə çıxarılıb. Bildirilib ki, qiymətlərin münasib olmaması və vaxtaşırı ləngimələrin yaşanması körpələr evi-uşaq bağçalarında qida normasının pozulmasına gətirib çıxarır ki, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Görüşdə Gəncədə körpələr evi-uşaq bağçalarına tələbatın yüksək olduğu, lakin qrupların və pedoqoji kadrların çatışmadığı da dilə gətirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçalarında işin müasir tələblər səviyyəsində qurulması üçün ilk növbədə sağlam psixoloji mühitin və valideynlərlə səmimi münasibətin formalaşdırılmasının vacibliyini vurğulayıb. Dilə gətirilən problemlərin qısa zamanda həll olunması üçün aidiyyatı qurum və şəxslərə göstərişlər verib. Səslənən bir sıra təklif isə baxılması və dəyərləndirilməsi üçün qeydiyyata alınıb.