AQTA əməkdaşları beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Heyvandarlığın inkişaf etdirilməsi və qida təhlükəsizliyi” təlimi çərçivəsində Tailand Krallığında səfərdə olub.

Bu barədə Foodinfo.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindəndən məlumat verilib.

Səfər müddətində nümayəndə heyəti Tailandın Xon Kaen Universitetinin Kənd təsərrüfatı fakültəsinin professor heyəti və yerli fermerlərlə görüşlər keçirib, Tailand Krallığının qida təhlükəsizliyi və heyvandarlıq sahəsindəki təcrübəsi ilə tanış olublar.

Təlim çərçivəsində heyvandarlığın inkişaf etdirilmə yolları, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılma üsulları, biotexnologiyanın heyvandarlıqda rolu (embrion köçürməsi metodundan istifadə olunması), heyvanların identifikasiya metodları, heyvandarlığın yem təminatı və qida təhlükəsizliyində heyvan yemlərinin rolu mövzuları müzakirə olunub. Tailandda yerləşən istehsalat müəssisələri, müasir heyvandarlıq fermaları, balıqçılıq təsərrüfatlarına baxış keçirən AQTA nümayəndələri eyni zamanda kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində Yaxşı İdarəetmə Praktikası (GMP), Yaxşı Gigiyena Praktikası (GHP), Beynəlxalq Qida Təhlükəsizliyi Standartları və bu kimi bir sıra beynalxalq təlimlərdə iştirak ediblər.

Qeyd edək ki, Tailandda baş tutan “Heyvandarlığın inkişaf etdirilməsi və qida təhlükəsizliyi” təlimində 18 ölkədən 20 nümayəndə iştirak edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.