Quşçuluq kompleksinin direktoru cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Suraxanı rayonu, Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentlərinin mütəxəssisləri tərəfindən sözügedən ünvanda monitorinq və araşdırma aparılıb.

Sözügedən ərazinin atmosfer havasından nümunə götürülərək analiz olunub. Analizlərin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib.

Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.