Azərbaycanın bu məhsulu idxalda birinci yerdədi

Bu ilin yanvar-may aylarında Rusiyanın pomidor idxalında Azərbaycan birinci yerə çıxıb.

Bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında qeyd edilir.

Məlum olur ki, ötən müddətdə bu bazarda Azərbaycanın əsas rəqibi olan Türkiyənin payı azalıb. Əgər 2015-ci ildə Rusiyanın pomidor bazarının 51 faizi Türkiyədə idisə, hazırda bu rəqəm 7 faizdir. Hazırda bazarın əsas payçısı Azərbaycandır. İkinci yerdə Mərakeş, üçüncü sırada Çin yer alır.

Xatırladaq ki, Azərbaycan Rusiyanın pomidor idxalında əsas rolu Türkiyə pomidorlarının bu bazarda sıxışdırılmasından sonra oynamağa başlayıb. Belə ki, Rusiya və Türkiyə arasında SU-24 təyyarəsinin vurulması ilə bağlı siyası gərginlikdən iki ölkə arasında ticari əlaqələr pozuldu. Rusiya Türkiyədən pomidor idxalını dayandırdı. 2017-ci ildə Rusiya tərəfi Türkiyədən illik 50 min ton pomidor idxalına icazə verdi.

Lakin Türkiyə pomidorlarına qarşı münasibət əvvəlki səviyyəyə qayıtmadı. Rusiya Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə türk pomidorlarının fitosanitar tələblərə cavab vermədiyini əsas gətirirək, idxalına məhdudiyyətlər tətbiq etdi. Onu da bildirək ki, Rusiya bazarlarında Azərbaycan pomidorları keyfiyyətinə görə, daha yaxşı məhsul hesab edilir və digər pomidorlardan bahadır.

Azərbaycan nə qədər pomidor satıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qeyri-neft sektoru üzrə ixrac icmalına görə, göstərilən dövrdə Azərbaycan 54,3 milyon ABŞ dollar dəyərində pomidor ixracı reallaşdırıb. Qeyri-neft sektoru üzrə ixracda pomidor birinci olub.

Cari ilin birinci rübündə isə Azərbaycan 23 mln. 988,54 min dollar dəyərində pomidor ixrac etmişdi. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə pomidor ixracının həcmi  41,1, dəyər baxımından 55,2 faiz artıb. Pomidor ixracı, əsasən, Rusiyaya həyata keçirilib.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycan 8,5 faizlə Rusiya bazarının 4-cü payçısı idi. Ötən müddətdə yerli pomidorların Rusiya bazarında payı dəfələrlə artıb. Bununla ekspertlər hesab edir ki, bu payı daha da artırmaq olar. Çünki Rusiyanın ümumi pomidor idxalının həcmi illik 676 milyon dollardır.

Onların fikrincə, istixanalarda ilboyu məhsul yetişdirmək imkanlarını da nəzərə alsaq, ümumi istehsalı və məhsuldarlığı artıraraq Azərbaycan digər bazarlarda da paya sahib ola bilər:

“Təkcə Rusiya bazarı ilə kifayətlənmək lazım deyil. 2015-ci ildə Ukrayna region ölkələrindən 14 milyon ABŞ dolları dəyərində pomidor idxal edib. Lakin bu idxalda Azərbaycanın payı yoxdur. Ona görə də pomidor Ukrayna bazarı üçün ən böyük ixrac imkanlarına malik məhsul hesab edilir”.

Ərəb ölkələrinə də pomidor ixrac edilməlidir 

“Əzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat katibi Nicat Nəsirlinin sözlərinə görə, o ölkələrə pomidor ixrac edilir ki, həmin bazarlarda tarixən Azərbaycan pomidorları satılıb:

“Sovet dövründən Azərbaycan pomidorları Rusiya bazarına göndərildiyindən insanların bu məhsulun keyfiyyəti ilə bağlı məlumatları var. Lakin Rusiya bazarının özü də mürəkkəb bazardır. Azərbaycan pomidorlarına Rusiya bazarlarında ciddi rəqiblər var. Onlardan biri Türkiyədir. Bir müddət əvvəl Rusiya ilə Türkiyə arasında imzalanan sazişə əsasən 365 min tondan idxal reallaşdırılacaq. Eyni zamanda İran da Rusiya bazarına can atır. İran kifayət qədər güclü rəqibdir.

Belə ki, təkcə ötən il İran 500 hektardan çox ərazidə Hollandiya texnologiyasına məxsus ən müasir istixanalar qurub. Azərbaycanda istixana sahiblərinin bu məsələ ilə bağlı narahatlıqları var. Çünki İranın ixrac potensialı güclüdür”.

N.Nəsirli deyir ki, təkcə Rusiya bazarından asılı olunmamalıdır və digər region bazarları da araşdırılmalıdır:

“Bundan əlavə ərəb ölkələrinin bazarları Azərbaycan tərəvəzləri üçün kifayət qədər əlverişlidir. Pomidorlarımız bu bazarlarda uğur qazana bilər. Çin bazarına da idxal həyata keçirmək olar. Nəzərə alsaq ki, Çinin əhalisi sürətlə artır və bununla paralel ərzaq məhsullarına ciddi tələbat yaranır, bu bazar rentabelli ola bilər. Qeyd edim ki, təkcə zeytun məhsullarına 60 min tondan çox illik tələbat var”.

N.Nəsirli hesab edir ki, ixarc potensialı qiymətləndirən zaman xarici bazarların tələblərini də unutmaq lazım deyil:

“İlk əvvəl markalanma aparılmalıdır. Məhsulun özü var adı yoxdur. Bundan əlavə xarici bazarlar su, torpaq analizlərinin nəticələrini istəyirlər. Yəni məhsullarımızın yeşiyə yığılaraq kor-koranə xaricə satılması getdikcə öz qüvvəsini itirir.  Bu sahədə ciddi texnoloji yeniliklər həyata keçirilməlidir”.

Onun fikrincə, ixracatçılara xarici bazarların konykturası ilə bağlı metodik dəstək verilməlidir. (Oxu.az)