Naxçıvanın qida məhsullarında yenilik edilib

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrası istiqamətində muxtar respublikada fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” MMC-nin, Babək “Sirab” ASC-nin və Ordubad “Qənnadı Məmulatları” MMC-nin istehsal etdiyi məhsullar üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu olan hədiyyəlik qutularda satışa çıxarılacaq.

“Ləzzət Qida Sənaye” MMC-nin istehsalı olan və üzərində Naxçıvanın simvolları əks edilmiş kakaolu kokos kremli vafli, rahat lokum, peçenye, habelə qarışıq çərəz, qovurulmuş fıstıq və qarğıdalı çubuqlarından ibarət hədiyyəlik çanta yüksək zövqlə dizayn olunub. Şəhərin mağaza və marketlərində geniş alıcı kütləsi qazanan bu məhsullar Naxçıvandan hədiyyə ilə geri qayıtmaq istəyən turistlər üçün çox yaxşı seçimdir. Eləcə də Babək “Sirab” ASC-nin istehsalı olan 0,33 litr qazsız, 0,5 litr qazlı şüşə qablara doldurulmuş “Sirab” suyu və üzərində “Sirab” loqolu stəkandan ibarət hədiyyəlik çanta min bir dərdin dərmanı olan Naxçıvanın mineral sularının daha geniş tanıdılması baxımından maraqlı kompozisiyadır.

Muxtar respublikaya xas yerli məhsulların istehsalı sahəsində uğurlu fəaliyyət göstərən digər müəssisə olan Ordubad “Qənnadı Məmulatları” MMC-nin “Ordubad nemətləri” əmtəə nişanı ilə satışa çıxarılan məhsullarının “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqosu ilə dizayn olunmuş hədiyyəlik çantalarda alıcılara təklif olunması bu müəssisənin istehsal etdiyi məhsulların daha həvəslə alınmasına imkan yaradıb. Müəssisənin Naxçıvan şəhərindəki satış mağazasından bildiriblər ki, burada “Ordubad nemətləri” əmtəə nişanlı mürəbbə, bəkməz, kompot və digər məhsullara tələbat böyükdür. Hədiyyəlik çantalarda qablaşdırılmış 500 qramlıq şüşə qablarda satışa verilən ərik, tut, qoz, qızılgül mürəbbələri dəsti maraqla qarşılanıb. Artıq 500-dən çox belə hədiyyə dəstinin satıldığını və qarşıdakı dövrdə tələbatın artacağını da öyrəndik.

Qeyd edək ki, adıçəkilən bütün məhsulları Naxçıvan şəhərinin ticarət şəbəkələrindən almaq mümkündür.