Qida məhsullarının təhlükəsizliyinə xüsusi önəm verilir

İstehlakçıların təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Dövlət Agentliyi monitorinqə başlayacaq

Hər bir Azərbaycan vətəndaşının yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanın bir müstəqil dövlət kimi davamlı inkişafını şərtləndirən əsas amillərdən biri ölkədə ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlərin əldə edilməsidir. Etibarlı ərzaq təminatı həm də ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir.

Sosial-iqtisadi aspektdə, ərzaq təhlükəsizliyi tələbatı təmin etmək qabiliyyətini, siyasi-iqtisadi prizmadan yanaşıldıqda isə bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyatları və aqrar-sənaye potensialını səfərbərliyə almaq qabiliyyətini özündə ehtiva edir. Bununla yanaşı, ərzaq təhlükəsizliyini həm daxili, həm də xarici təhlükələrlə bağlamaq lazımdır və xüsusilə qeyd etmək lazımdır ki, daxili amillərin təsir miqyası xarici amillərdən daha çoxdur. Məhz keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində bütövlükdə Azərbaycan iqtisadiyyatını, xüsusilə aqrar-sənaye kompleksini tənəzzülünə gətirib çıxarmış səriştəsiz idarə olunmanı deyilənlərə əyani misal göstərmək olar. Etiraf etmək lazımdır ki, keçən əsrin 90-cı illərinin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatlarının ölkəmizdə həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin işlənib hazırlanması, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanması və bu qəbildən olan digər tədbirlər ərzaq təhlükəsizliyi sferasında daxili amillərin təsir miqyasının yalnız müsbət müstəvidə cərəyan etməsini şərtləndirdi.

MDB ölkələri arasında ən sürətli torpaq islahatları Azərbaycanda həyata keçirilib

Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artımı, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının sürətlə artması, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu ərzaq məhsullarının dünya bazarlarında qiymətlərini artırıb. Hətta bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə belə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq.
Ekspertlərin fikrincə, əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında aqrar sektorun rolu danılmazdır və böyükdür. Bu səbəbdən də ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkədə aqrar sektorun inkişafının əsası qoyulub. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib. Ölkəmizdə kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, hətta beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə, bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. Son illər Azərbaycanda kənd təsərrüfatı sahəsində çoxlu sayda yeni təsərrüfat subyekti yaradılıb və bu eyni zamanda milyonlarla insanın işlə təmin olunması, məşğulluq səviyyəsinin artırılması, işsizliyin aradan qaldırılması deməkdir. İnsanların aqrar sektorda çalışması həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin aradan qaldırılması və yoxsulluğun azaldılması regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında da aparıcı yer tutur. Bu, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdə öz əksini tapır. Qəbul edilmiş normativlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edir. Həmçinin “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı” da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır.

Kənd təsərrüfatının inkişafı və məhsul bolluğunun təmin edilməsi üçün sahibkarlıq sübyrktlərinə dövlət tərəfindən yardımlar və güzəştlər edilir

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə subsidiyalar ayrılır və güzəştli kreditlər verilir. Eyni zamanda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 70 faiz güzəştli qiymətlərlə satılır. İstehsalçılara satılan mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin yuxarı həddi hər hektar əkin sahəsinə görə 80 manat məbləğində müəyyən edilib. Bundan başqa, hər hektar buğda və çəltik səpininə görə 40 manat məbləğində yardım da verilir. İstehsalçılara eyni zamanda, yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat məbləğində yardım ayrılır. Pambıq və tütün istehsalçılarına gəlincə, istehsalçılara emal müəssisələrinə satdıqları xam pambığın hər 1 (bir) kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir.
Ərzaq təhlükəsizliyi insanların öz sağlam həyatını aktiv təmin etmək üçün lazımı həcmdə təhlükəsiz və qidalı ərzaq məhsullarına fiziki və iqtisadi əlçatanlığının mümkünlüyüdür. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 100-120 min hektarda pambıq əkilməsi və 200 min ton pambıq tədarükü, 37 rayonda inkişaf etdirilən baramacılıqdan 1300 tona yaxın barama tədarük edilməsi, 13 rayonda salınan fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılması, Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması, Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlərin görülməsi, yeni bağlar salınması, tütünün istehsalının artmalması, üzümçülük və şərabçılıqla bağlı tədbirlər intensivləşdirilir.

Ölkəmizdə qida təhlükəsizliyinə xüsusi diqqət var və Qida Təhlükəsizliyi Dövlət Agentliyi ərzaq təhlükəsizliyinə dair normativ tənzimlənməni həyata keçirir

İnsanların qida təhlükəsizliyi məsələlərinin həllini nəzərdə tutaraq ölkəmizdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və əsasnaməsi də təsdiq olunub. Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu orqan qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirmək üçün nəzərdə tutulub. İyul ayından etibarən Azərbaycanda ərzaq təhlükəsizliyinin uyğunluğuna dair monitorinqlər başlayır və ərzaq təhlükəsizliyi zəncirinin bütün iştirakçılarının monitorinqi məhz Qida Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Bakıda keçirilən Qida Təhlükəsizliyi üzrə I Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli konfrans zamanı bildirib ki, dövlət başçısının sərəncamı ilə agentlik fəaliyyətinə iyulun 1-dən başlayacaq. Agentliyin fəaliyyətindən biri, təsərrüfat subyektlərinin monitorinqi olacaq və təftiş, həmçinin yoxlamalar Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yoxlama və dövlət nəzarət şöbəsinin əməkdaşları tərəfindən aparılacaq. Agentliyin məqsədi, təsərrüfat subyektlərinin beynəlxalq standartlara uyğunluğu və ölkə əhalisinin sağlamlığı məqsədilə, onlara dəstək göstərməkdən ibarətdir.

Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxış edir və istehsal olunmuş məhsulların emalı, saxlanması və satışının təşkili mühüm məsələlərdən hesab olunur və bu istiqamətdə dövlət tərəfindən mühüm addımlar atılır. Dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi respublikamızda torpağın hər qarışından düzgün və səmərəli istifadə etməyə, hər hektarın məhsuldarlığını xeyli artırmağa, kənd təsərrüfatı sahəsində daha yüksək nailiyyətlər əldə etməyə, əhalinin məşğulluq səviyyəsini yüksəltməyə və bütövlükdə ərzaq təhlükəsizliyini tam təmin etməklə bərabər, Azərbaycanın digər ölkələrə kənd təsərrüfatı məhsullarını davamlı ixrac edən bir dövlətə çevrilməsinə imkan yaradır. Bu baxımdan istər ölkə daxilində istərsə də Azərbaycanın hüdudlarından kənarda istehlakçılara təklif olunan məhsulların, ələlxüsus kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, təhlükəsizliyinə nəzarət prioritet məsələ hesab olunur. Məhz bu səbəbdən də qida məhsullarının təhlukəsizliyinə xüsusi önəm verilir və ərzaq təhlukəsizliyinə maksimum nail olmaq üçün müvafiq tədbirlər həyata keçirilir ki, bu da ilk növbədə istehlakçıların təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi deməkdir.