“Saxta düyü” aşkarlasaq hara müraciət etməliyik?

Son günlər sosial şəbəkələrdə bəzi qida məhsullarının tərkibi ilə bağlı ciddi narahatçılıq yaradan videolar paylaşılır. Məsələn, Çində “plastik düyü” nün hazırlanması, şokaladın tərkibinin saxta olması, dietik çörəklərin rənginin süni dəyişdirilməsi ilə bağlı xəbərlər istehlakçılarda narahatlıq yaratmaya bilmir. Bəs görəsən bu tip xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

Elə bu sualla Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən  bildirdilər ki, qurumun qarşısına qoyulan əsas vəzifələrdən biri Azərbaycan vətəndaşlarının təhlükəsiz qida məhsulu ilə təmin olunmasına nail olmaqdır:  “Qida təhlükəsizliyi bütün dünyada aktuallıq qazanmış mövzulardandır. Dünyada qlobal ekoloji və iqlim dəyişiklikləri qidanın tərkibinə, keyfiyyətinə və təhlükəsizliyinə əhəmiyyətli təsir göstərir. Son zamanlar sosial şəbəkələrdən izlədiyimiz müxtəlif məzmunlu video materialların yayılması da qida ilə bağlı hər bir kəsi narahat edən problemin təzahürüdür.

Əksər hallarda belə məlumat və videolar sensasiya xatirinə yayımlanaraq insanlar arasında çaşqınlıq yaradır və haqlı olaraq onların narazılığına səbəb olur. Nəzərinizə çatdırmaq istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyinə sözügedən, mənşəyi bəlli olmayan “plastik düyü”, saxta şokolad, süni şəkildə rənglənmiş dietik çörək kimi qida məhsulları ilə bağlı konkret şikayətl daxil olmamışdır. Agentlik əhalinin nəzərinə çatdırır ki, belə hallarla rastlaşdıqda həmin qida məhsulunun nümunəsini və onun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, (012) 377- 00-77 nömrəsinə rəsmi müraciət etsinlər”. (Movqe.az)