Körpələrin düzgün qidalanması necə olmalıdır?

Sağlamlığında qidalanma çox böyük əhəmiyyət kəsb edir.

Bu barədə məlumat verən K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyir ki, pediatriyada uşaqların düzgün qidalanmağı ən həlledici məsələlərdən biridir. Bütün canlılar kimi insan dünyaya gələndən onun qidalanması ana südü ilə başlanılmalı, 2 yaşına qədər davam etdirilməli və sonralar onun aldığı qidalar yaşına uyğun olmaqla yanaşı həm də təbii komponentlərdən ibarət olmalıdır. Heç də təsadüfi deyil ki, pediatrlar körpələri iki qrupa bölürlər: ana südü ilə qidalananlar və süni qidalananlar. Dünyada aparılan araşdırmalar göstərir ki, süni qidalanan uşaqlarda xəstələnmə və ölüm halları təbii qidalanan uşaqlarla müqayisədə ən azı dörd dəfə çox rast gəlinir.

Təbii qidalanma zamanı uşaqların bir çox xəstəliklərdən qorunması və sağlam böyüməsi bəribaşdan təmin olunur. Ona görə də ən çox narahatlıq doğuran məsələlərdən biri ananın öz övladını ana südü ilə deyil, süni qidalar və qarışıqlarla qidalanmasıdır. “Körpələrin və erkən yaşlı uşaqların qidalandırılması haqqında” Qanun da üç hissəyə bölünür: ana südü ilə qidalanmanın doğruluğu və təbliği, süd verən analara əlavə müavinətlərin verilməsi və dəstək göstərilməsi, ölkəyə gətirilən süni qida qarışıqları üzərində dövlət nəzarətinin təşkil olunması və onların reklam edilməsinin qarşısının alınması.

Valideynlər bu məsələləri mütləq nəzərə almalıdırlar. İlk növbədə uşaqların dünyaya gətirilməsi təbii yolla olmalıdır, çünki doğuş prosesində ana və uşağın orqanizmində elə vacib proseslər baş verir ki, onun gələcəkdə sağlam böyüməsi və yaşaması üçün olduqca həlledici əhəmiyyət daşıyır. Süni doğuşla dünyaya gələn uşaq isə doğulduğu andan yaşamaq uğrunda mübarizəyə qoşulmalı olur və çox çətin yollardan keçir. Bətndaxili uşağın nəfəs yolları maye ilə tutulmuş olur. Cərrahi müdaxilə ilə süni doğuş zamanı körpəni həmin mayenin içərisindən çıxarılması nəticəsində onun nəfəs alması çətinləşir və s. Bütün bunları nəzərə alaraq ən doğru yolu seçmək lazımdır. (AZƏRTAC)