Azərbaycanda piylənmədən əziyyət çəkənlərin statistikası

Respublika üzrə piylənmə ilə əlaqədar 4953 nəfər dispanser qeydiyyatındadır.

Bu barədə Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.

Onun sözlərinə görə, bunlardan 3017 nəfəri qadındır. “Lakin ölkə üzrə piylənmədən əziyyət çəkən insanların sayı dispanser qeydiyyatında olanlardan daha çoxdur. Ölkə üzrə bundan 3-4 dəfə artıq qeydiyyata düşməyən xəstələr var. Bəzən şəkərə tutulduğuna görə və ya yeriyə bilməməklə əlaqədar həkimə müraciət etdikdə həmin insanlarda piylənmə aşkarlanır və qeydiyyata alınır. Bu rəqəm get-gedə artır”.

S.Xəlilova bildirib ki, ötən il ilk dəfə qeydiyyata düşən xəstələrin sayı 641 nəfər olub ki, bunun da 399 nəfəri qadındır: “Qeydiyyatda olan ümumi xəstələrdən 444 nəfəri 0-18 yaş arasındadır ki, onların da 183 nəfəri qızdır. 0-13 yaş aralığında 264 uşaq piylənmə ilə dispanser qeydiyyatındadır. Yaşlılarda, xüsusilə qadınlarda piylənmə daha çox aşkarlanır. Əgər 18-29 yaşında dispanser qeydiyyatında 259 nəfərdirsə, 50 yaşdan yuxarı 2445 nəfər piylənmədən əziyyət çəkir. Bu da çox durğun həyat tərzi ilə əlaqədardır”.

Piylənmənin etimologiyasına gəldikdə isə endokrinoloq qeyd edib ki, burada genetik rolla yanaşı, qeyri-sağlam həyat tərzi, “fast food” qidalar, oturaq həyat tərzi mühüm rol oynayır. (AzVision.az)