Qida borusundan kənar kliniki əlamətlər

Son illər uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biri də qastroezofageal reflüks xəstəliyidir (QERX). Bu, aşağı qida borusu sfinkterinin çatışmazlığı səbəbindən ürəkbulanma və qusma ilə müşayiət olunmadan mədə möhtəviyyatının qeyri-iradi qida borusuna retroqrad hərəkətindən irəli gələn problemdir.

Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının uşaq kardiorevmatologiya şöbəsinin həkimi, tibb elmlər namizədi İradə Səfərova universitetin mətbuat xidmətinə məlumat verib.

Həkim bunun tez-tez təkrarlanan xəstəlik olduğunu bildirib: “QERX qida borusu və qida borusundan kənar kliniki əlamətlər, bu orqanın selikli qişasının müxtəlif morfoloji dəyişiklikləri ilə müşahidə olunan xroniki residivverici xəstəlikdir. QERX rəngarəng kliniki mənzərəyə malik olub, ezofaqal və ekstraezofaqal simptomlarla gedir. Ezofaqal (qida borusu) əlamətləri özünü-qıcqırma, gəyirmə, ağızda acılıq, “yaş yastıq”, disfaqiya-udmanın pozulması, odinofaqiya-yemək zamanı döş sümüyü arxasında ağrı şəklində büruzə verir. Ekstraezofaqal, yəni qidaborusundan kənar əlamətlər isə bronx-ağciyər öskürəyi, təngnəfəslik, tənəffüsün çətinləşməsi, boğulmalar, otolorinqoloji-boğaz və qulaqda udma zamanı ağrı, xırıltılı səs, boğazda qıcıqlanma, bəlğəm ifrazının artması, qanlı tüpürcək, qırtlağın spazmı, səsin batması, ağızdan xoşagəlməz iyin gəlməsi, xroniki öskürək, kardioloji-ürəkdə ağrı, ritm pozğunluğu, stomatoloji-kariyes, gingivit, parodontit, dişlərin eroziyasıdır.

Xəstəliyi müşayiət edən respirator pozğunluqlar ənənəvi olaraq iki qrupa bölünür. Bunlar yuxarı-apnoye, stridor, laringit və aşağı-bronxial obstruksiya, bronxial astmadır. Bronxospazm effekti reflüks-ezofaqit olan xəstələrdə daha çox nəzərə çarpır, bu da boğulma tutmasının patogenezində qida borusu selikli qişasının iltihabı zədələnməsinin əhəmiyyət kəsb etdiyini sübut edir. Uzanmış vəziyyətdə, əsasən də gecə vaxtı belə xəstələrdə bronxial astma tutmalarının baş verməsi uşağın arxası üstə uzanması, ağız suyunun və udma hərəkətlərinin azalması ilə əlaqədar mədə möhtəviyyatı reflüksünün qida borusu selikli qişasına daha uzun müddətli təsiri ilə izah olunur. Bronxoobstruktiv sindromla gedən QERX-ə ən çox 12-14 yaşlı uşaqlarda, xüsusilə oğlanlarda rast gəlinir.

Beləliklə, bu problemdən əziyyət çəkənlərin əksəriyyəti xəstəliyin tipik şikayətlərini təqdim etmirlər və proses gizli davam edir. Lakin bilmək lazımdır ki, patoloji QERX yuxarı tənəffüs yollarında baş verən iltihabi dəyişikliklərin səbəblərindən biridir. Buna görə də adi müalicəyə tabe olmayan davamlı gedişə malik burun, udlaq, qırtlaq xəstəlikləri və bronxial astma zamanı mütləq qaydada mədə-bağırsaq sisteminin müayinəsi də aparılmalıdır”. (AZƏRTAC)