Gözlə görünmür, amma bizi əzabla öldürür

Yazın gəlişi ilə insanlarda kəskin respirator virus infeksiyalar müşahidə oluna bilir. Ümumiyyətlə, yaz fəsli qışda yox olan virusların daha da aktivləşməsinə səbəb olur.

Son günlər sanki infeksiyanın yeni növü peyda olub. Havaların isinməsi təbiəti canlandırdığı kimi bir sıra xəstəliklərin də canlanmasına şərait yaradır. Bunlar arasında ishal və ya qəbizlik, anemiya, sarılıq, dəridə səpgilər, öskürək, bağırsaq pozuntuları, allergiya və s. kimi bir çox müxtəlif problemləri misal çəkmək olar. Bunların əksəriyyəti məhz qurd xəstəliklərinə işarədir. Eyni zamanda yaz fəslini xarakterizə edən ən ciddi xəstəliklərdən biri “Əsrin xəstəliyi” adlandırılan allegiyadır. Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya dayanırsa, ikinci sırada qurd xəstəlikləri yer alır.

Bütün bunlar insanların ciddi narahatlığına səbəb olur. Gecələrin qısalması və günlərin uzanması, yuxu nizamında baş verən dəyişikliklər, orqanizmin yetərincə dincəlməməsi, davamlı yorğunluq və s. hormonların nizamsız hərəkətinə səbəb olur. Xüsusilə də sıx iş rejiminə malik olanlar, stresli insanlar sadəcə baş ağrısı deyil, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılardan şikayət edirlər.

Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkirsə, 3 nəfəri də bağırsaq xəstəliklərindən şikayətlənir. Bəs görəsən bu xəstəliklərdən necə qorunmaq lazımdır? Onlara tutulmaq üçün nə etməıiyik? Bu xəstəliklərin ciddi fəsadları ola bilərmi?

Məsələ ilə bağlı Respublikanın Baş İnfeksionisti Cəlal İsayev ilə əlaqə saxladıq. Həkim bildirdi ki, ciddi epidemioloji situasiyalar müşahidə edilməsə də, isti hava şəraiti ilə bağlı bir sıra viruslar aktivləşib:

“Artıq qış mövsümü geridə qaldı, havalar istiləşir. Qış fəslində qeydə alınan kəskin respirator infeksiyalar ciddi şəkildə azalıb. Amma fəsilə uyğun olaraq digər xəstəliklərin sayı azalmayıb. Məsələn, allergiya, müxtəlif dəri xəstəlikləri, səpkilərlə müşahidə edilən mədə-bağırsaq sisteminin xəstəlikləri və s. Bütün bunlardan qorunmaq üçün insanlar öz sağlamlıqlarına diqqət etməlidirlər. Sağlamlığın əsasını isə mütləq şəkildə gigiyenik normalara və təmizliyə riayət etmək dayanır.

Qurd xəstəliklərinin ilkin simptomları arasında ən çox rast gəlinənlər bunlardır:

Özünüzü yorğun, əzgin və halsız hiss edirsizsə,

Qida qəbulundan sonra mədə-bağırsağınızda köpmə baş verirsə,

Tez-tez qida zəhərlənməsi müşahidə edilirsə,

Gecələr yuxuda diş qıcanmaları, ağızdan su gəlməsi və qəfil oyanmalar olursa,

Dəridə qaşınmalar, səpgilər,

Əzələlərdə və oynaqlarda heç bir xəstəlik olmadan baş verən ağrılar,

Səbəbi bilinməyən qəbizlik və ya ishal, dəmir defisit anemiya qurd xəstəliklərinin əlamətləri ola bilər.

İnsan orqanizmində qurdların müxtəlif pozulmalara, immun sisteminin zəifləməsinə səbəb olduğunu deyən həkim, bunun ciddi müalicə üsulu ilə aradan qaldırılmasının vacibliyini qeyd edib:

“Adi gigiyenik qaydalara riayət etmədikdə (yeməkdən əvvəl əllər yumaq, qidaları təmiz şəkildə istehlak etmək, çiy sudan uzaq olmaq və s.), pis vərdişlərə yiyələndikdə (dırnaq yemək) orqanizmdə mütəmadi olaraq qurd xəstəlikləri yaranır. Parazitlərin orqanizmə ən asan daxil olunma yolu yaxşı yuyulmanmış əllərdir. Bu səbəbdən qurd xəstəlikləri ən çox azyaşlı uşaqlarda rast gəlinir. Mikroskopik parazitlər isə insan orqanizminə meyvə – tərəvəz vasitəsilə daxil olur. Parazitlərin orqanizmə keçməsinin bir digər yolu isə yaxşı bişirilməmiş ət məhsullarıdır. Orqanizmində parazitin əmələ gəlməsinə bağırsağında parazit olan adamla öpüşmək, evdə heyvan saxlamaq da səbəb ola bilir.
Davamlı belə xəstəliklər isə immun sisteminin zəifləməsinə səbəb olur ki, belə daimi yoluxmalar xüsusilə təhlükəli fəsadlara yol aça bilir. Belə götürsək, qurd xəstəlikləri mövsümi xarakter daşımır. Bütün il boyu qurdla bağlı şikayətlər eşidirik. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, regionlardan asılı olaraq insanlarda qurd xəstəlikləri 14-16 faizdən, 18-20 faizə qədər arta bilər. Bizim regionlar da qurd xəstəliklərinin kifayət qədər geniş yayıldığı regionlar sırasında olduğu üçün bu xəstəliklərin sayı az deyil. Birbaşa yaşayış səviyyəsindən, ekoloji faktordan, düzgün qidalanma və s. yayılmada əsaslı rol oynayır”.

İsti hava şəraiti ilə əlaqədar, xüsusilə rayonlarda çiy su istehlakı kütləvi bağırsaq xəstəliklərinin yayılmasına səbəb olur. Həkim deyir ki, paytaxtda, eləcə də mərkəzləşmiş su sitemi ilə təchiz edilən bölgələrdə bu hallara az-az rast gəlinir:

“Mənşəyi məlum olmayan, quyulardan çıxarılan çiy sular infeksiya mənbəyi hesab olunur. Mərkəzləşdirilmiş su təchizatı bu risk faktorunu kifayət qədər azaldır”.

Həkim bildirir ki, qurd xəstəliklərinin müalicəsində müxtəlif növ bitki dəmləmələrindən istifadə etmək olmaz:

“Ümumiyyətlə, mədə-bağırsaq pozuntusu yaradan xəstəliklərin təbii otlarla, bitkilərlə müalicəsi arzu olunan deyil. Yaxı olardı ki, həkimə müraciət edib lazımi müalicə üsulu seçsinlər. Bu gün biz mümkün qədər antibiotik dərman preparatlarından uzaqlaşmaq üçün alternativlər tətbiq edirik. Fərdi yanaşma ilə bu problem yalnız mütəxəssis köməyi ilə aradan qaldırıla bilər”.

Həkim-infeksionist bəzən qurd xəstəliyinin aşkarlanmasının çətin olduğunu da diqqətə çatdırıb:

“Mənşəyindən və növündən asılı olaraq qurd xəstəlikləri müxtəlif simptomlarla müşahidə edilə bilir. Amma əsasən ən ilkin məqam ağızdan su gəlməsidir. Ümumiyyətlə, qurd xəstəlikləri insanda halsızlıq, gərginlik, yuxusuzluq, qarın nahiyyəsində güclü ağrılarla müşahidə edilir. Hermetin növündən asılı olaraq fəsadları da fərqli olur. Məsələn, askerida qurdu ağızda tənəffüs yollarına da düşə bilər və bağırsaq keçməzliyi ilə yanaşı, bir sıra ağır fəsadlar verə bilər. Qurdun düşdüyü yerdən asılı olaraq dəri vasitəsilə də müxtəlif simptomlar müşahidə edilə bilər. Səpkilər, qızartılar, qaşınmalar və s. Bəzən analizlərdə, nəcis əkilməsində belə aşkarlanmayan qurdlar var. Biz buna bizquyruq deyirik. Həmin qurdlar qan və nəcis analizində müəyyən edilə bilmir. Bu tip qurdlar anal dəliyin ətrafında kiçik yumurtalar qoyur. Və həmin yumurtalar nəcis analizində tapılmır. Buna eyni zamanda öküz və donuz soliterlərinin yumurtaları da aid edilə bilər ki, bunlar qəti şəkildə analizlə aşkarlana bilmir. Gizli gedən xəstəlik olduqca təhlükəli problemlərə yol aça bilir. Daha təhlükəlisi isə odur ki, yumurtalar içərisində olan yoluxucu çöplər ətrafa dağılır. Qaramal həmin virusların dağıldığı ərazilərdə otla qidalandığı zaman bu viruslar onlara keçir və inkişaf edir. Daha sonra isə biz bu ətləri yeyirik və istehlak etdiyimiz ətlər vasitəsilə həmin viruslar bizim orqanizmimizə keçib, bizi yoluxdurur. Bunların qarşısını almaq çox çətindir”.

Həkim son olaraq qida rasionuna xüsusi diqqət yetirilməli olduğunu vurğulayaraq, quru qidalardan mümkün qədər uzaq olmağı tövsiyə etdi.

Xatırladaq ki, qurdlar bağırsaqların mənfəzini bağlayaraq qəbizliyə və hətta bağırsaq keçilməzliyinə səbəb ola bilər. Digər parazitlər (amyob və digərləri) əksinə, ishalın inkişafına səbəb olur. Bəzən öd axarlarına düşən qurdlar burada ödün axmasına mane ola bilir. Nəticədə ödün axması pozulur və insanda mexaniki sarılıq inkişaf edir, qara ciyərin fəaliyyəti pozulur. Qurd xəstəliyi həm də bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozulmaları, köp, meteorizm (bağırsaqda qazlar), qarın ağrıları və s. kimi simptomlarla büruzə verir. Əgər bu simptomlar sizi uzun müddət ərzində narahat edirsə, bu orqanizmdə qurdların olmasının əlaməti hesab olunur. Qurdlar avitamonozlara (vitamin və mikroelementlərin çatışmazlığı), anemiyaya (qanazlığı) səbəb ola, qan axını ilə oynaqlara və əzələlərə düşərək burada ciddi ağrılar yarada bilər. Orqanizm boyu “səyahət edən” qurdlar tənəffüs sistemində, xroniki “səbəbsiz” öskürək yaradır. Belə öskürək isə müalicəyə tabe olmur. (Publika.az)