Qida Təhlükəsizliyi Agentliyi UNİCEF-lə əməkdaşlığı genişləndirir

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları UNİCEF-in nümayəndə heyətini qəbul edib.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, görüşdə qurumun Təftiş və dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov, Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova iştirak ediblər. UNİCEF-in nümayəndə heyətini isə qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Sosial Dəyişiklik üzrə Təşviqat Proqramının rəhbəri Elza İbrahimova təmsil edib.

N.Zeynalov Agentliyin bu il yanvarın 1-dən etibarən fəaliyyət göstərdiyini, hazırda fəaliyyətinin təminatı ilə bağlı zəruri təşkilati-texniki tədbirlərin həyata keçirildiyini, o cümlədən Agentliyin kadr tərkibinin və strukturunun formalaşması istiqamətində işlər aparıldığını UNİCEF nümayəndə heyətinin diqqətinə çatdırıb.

A.Kərimova UNİCEF-lə birlikdə əhalinin maarifləndirilməsinə yönələn birgə sosial məsuliyyət layihələrinin həyata keçirilə biləcəyini bildirib.

T.Cəmilova uşaqların sağlamlıq və qidalanmasına, hamilə qadınlarda anemiyaya (dəmir çatışmazlığı) diqqət çəkərək bu sahədə Agentliklə əməkdaşlığa hazır olduqlarını bildirib. Proqramın rəhbəri bu maarifləndirmə, təbliğat-təşviqat işlərinin digər dövlət qurumları ilə birlikdə kompleks şəkildə həyata keçirilməsinin daha effektli təsirlər göstərəcəyini vurğulayıb.

Görüşdə unun zənginləşdirilməsi, körpələrin ana südü ilə qidalanmasının önəmi, bu sahədə əhalinin maarifləndirmə işlərinin həyata keçirilməsi və iki qurum arasındakı əməkdaşlığın perspektivləri dəyərləndirilib.