Bakıdakı ticarət mərkəzləri yanğın təhlükəsizliyinə hazırdır?

Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın  nəticəsində 64 nəfər həlak olub. Həlak olanların 41-nin azyaşlı olması isə hadisənin  dəhşətini daha da artırır. Sözügedən hadisə Azərbaycanda ticarət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı  ticarət mərkəzləri ilə əlaqə saxlayıb, onların fikilərini öyrəndik.

“Park Bulvar” AVM-in PR-meneceri Günay Malikqızı bildirib ki, təmsil etdiyi ticarət mərkəzində təlimlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilir:

“Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin plan qrafikinə əsasən Park Bulvar AVM-də əməli yanğın-taktiki təlim-məşgələ uğurla həyata keçirilir. Hər mərtəbədə  4 yanğın çıxış koridoru və pilləkənləri mövcuddur. Ərazidə 300-ə yaxın işlək vəziyyətdə olan yanğınsöndürən balonu var. Məkanın təxliyyə planı hər mərtəbədə asılıb. Əməkdaşlar təlimatlandırılıb və fövqəladə vəziyyətdə insanların evakuasiyası üçün hansı tədbirləri görməli olduqları haqda məlumatlandırılıb. -1 və -2 (mənfi bir və mənfi iki) mərtəbələrdə yanğının qarşısını avtomatik alan qurğular var. Avtomobil dayanacağı həmçinin yanğının lokallaşmasına xidmət edən xüsusi su pərdəsi yaradan cihazlarla təchiz olunub. Park Bulvar rəhbərliyi tərəfindən ərazidə fəaliyyət göstərən bütün obyektlərin yanğın təhlükəsizliyi ilə baglı mütəmadi yoxlamalar aparılır”.

G. Malikqızı əlavə edib ki, bina standartlara uyğun tikildiyi üçün yanğın çıxışının olmaması mümkünsüzdür: “İstənilən vaxt bunu gəlib görmək mümkündür. Həmçinin adi vətəndaşlar da bunu görə bilər.  Yanğın çıxışlarının işarələri də stendlərdə qeyd olunub.  Yanğınsöndürən balonlar vətəndaşların görəcəyi yerdədir.  Onların qabağında  reklam stendinin quraşdırılmasına icazə vermirik. Çünki hadisə zamanı insanlar balonları görməli və açıb istifadə etməyi bacarmalıdır. Qanunvericilikdə nəzərdə tutulan vaxtda balonlar, şlanqlar yoxlanılır və lazım olan vaxtda  dəyişdirilir”.

Paşa İnşaat Ticarət Mərkəzlərinin Marketinq meneceri Nuranə İsgəndərova isə  mövzu ilə bağlı qeyd edib ki, təmsil etdiyi şirkətin tərkibinə  6 ticarət mərkəzi daxildir: “Bura Port Baku Mall, Gənclik Mall, 28 Mall, Gəncə Mall, Şüvəlan Park,  Amburan Mall ticarət mərkəzləri daxildir. Yanğın təhlükəsizliyi qaydaları hələ ticarət mərkəzləri inşa edilərkən nəzərə alınır. Belə ki, inşaat zamanı NFPA (National Fire Protection Association) tələbləri nəzərə alınır. Ticarət mərkəzləri istifadəyə verilərkən binanın bütün yanğın çıxışlarının qeyd edilən ümumi planı Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənir və bu planlar Ticarət Mərkəzləri ərazisində, hər bir yanğın çıxışında yerləşdirilir. Binaların daxilində yanğın söndürmə üçün ehtiyac duyulan həm yanğın söndürmə balonları və həm də plana uyğun olan nöqtələrdə yanğın söndürmə şlanqları yer alıb. Balonlarda yoxlama qaydalara uyğun olaraq 6 ayda bir dəfə aparılır.

Hər bir balonun üzərində FHN tərəfindən onun doldurulma tarixi yer alır. Şlanqlar hər bir dəhlizdə var və hər şlanqın uzunluğu 20 metrdir.

Buraya su binaların su anbarından təmin edilir.  Bütün ticarət mərkəzlərində sprinkle sistemi (tüstü olan zaman tavandan su çilənməsi) və duman detektoru (smoke detektor) fəaliyyət göstərir. Duman detektoru hər hansı ərazidə ən cüzi şəkildə duman olarsa belə onu təyin edir və təhlükəsizlik xidmətinin əməkdaşı həmin əraziyə dərhal müdaxilə edir. İl ərzində 2 dəfə hər bir ticarət mərkəzində təlim məqsədli təxliyyə planları həyata keçirilir. Yanğın təhlükəsizliyi siqnalını eşidən hər bir əməkdaşdan bu zaman ticarət mərkəzi ərazisini tərk etmək tələb edilir.  Hər kəs ərazini tərk etdikdən sonra təhlükəsizlik xidməti ərazinin tam boşaldığını yoxlayır və son olaraq ərazini tərk edir. Bütün proses 12-15 dəq davam edir. Bu təlimlərin keçirilməsində məqsəd ticarət mərkəzində çalışanların fövqəladə hallara hazır edilməsidir”. (Qafqazinfo.az)