Dünya əhalisinin yarısı susuzluq təhlükəsilə üzləşəcək

İqlim dəyişikliyi və sürətli əhali artımının yaratdığı problemlər səbəbilə təmiz su ehtiyatlarının sürətlə azalması nəticəsində, 2050-ci ildə dünya əhalisinin təxminən yarısının susuzluq təhlükəsilə üzləşəcəyi bildirilib.

Dünya Təbiətin Mühafizəsi Fondunun (WWF) araşdırmasına görə, dünyanın 70%-nin su ilə əhatə olunmasına baxmayaraq, içməli suyun səviyyəsi həddən artıq azdır. Tədqiqatçılara görə, Yer üzündəki suyun 97%-dən çoxu insanların istifadəsinə uyğun olmayan duzlu sulardan ibarətdir. İçməli şirin suların böyük bir hissəsi qütblərdə yerləşir. Şirin suların da sadəcə üçdə birini istifadə etmək olur.

Dolayısı ilə insanın istifadə edə biləcəyi suyun miqdarı, dünyadakı ümumi suyun miqdarının 1%-dən azdır. Bu göstəricilər, içməli su mənbələrinin nə qədər məhdud olduğunu göstərir. Bütün bu səbəblərdən təmiz su probleminin baş verdiyi dünyada, hazırda 844 milyon insan təmiz su əldə edə bilmir. Bunun qarşıdakı illərdə daha da pis vəziyyətə düşəcəyi bildirilir. Araşdırmalara görə, 2000 və 2050 illəri arasında dünya əhalisinin 3 milyard artması və təmiz suya olan tələbatın 55% artması gözlənilir.

BMT-nin hesabatında da son əsrdə təmiz suya olan ehtiyacın 6 dəfə yüksəldiyi, hər il təmiz su ehtiyacının 1% nisbətində artdığı, 2050-ci ildə 5 milyard insanın təmiz su problemi ilə üzləşəcəyi bildirilir. Hesabatda, həmçinin heç bir tədbir görülməyəcəyi təqdirdə, 2030-cu ildə dünyadakı mövcud təmiz suyun bəşəriyyətin tələbatının sadəcə 60%-ni təmin edə biləcəyi qeyd olunub. (Deyerler.org)