Qida Təhlükəsizliyi Agentliyindən GMO araşdırması

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı araşdırma aparıb.
Agentliyin mətbuat xidmətindən Foodinfo.az-a bildirilib ki, araşdırmalara əsasən genom və gen fərqli anlayışlardır. Gen hər hansı bir orqanizmin fəaliyyətini təmin edən protein, enzim və digər biokimyəvi maddələrin hüceyrədaxili istehsal prosesinin təlimatını kodlaşdıran DNT fragmentidir. Başqa sözlə, gen spesifik biokimyəvi maddənin istehsalı üçün təlimat mətnidir. Genom isə orqanizmin bütün genlərini əhatə edən təlimat kitabçasıdır. Bu təlimat kitabçasında spesifik biokimyəvi maddənin istehsal olunacağı toxuma və hüceyrə, miqdarı və zamanı öz əksini tapır.

Qeyd olunub ki, bəşəriyyət əsrlər boyu süni yetişdirmə üsulları ilə təbiətdə mövcud olan bir çox bitki və heyvanın genomunu dəyişdirib. Süni seleksiya metodları ilə istənilən xüsusiyyətlər seçilərək bu günə qədər şirin qarğıdalıdan başlamış müxtəlif növ ev heyvanlarına qədər bir çox bitki və heyvan cinsi yetişdirilmişdir. Süni seleksiya metodları ilə təbiətdə mövcud olan genetik variasiyaları seçərək onların yayılmasını təmin etmək olur. Yaxın onilliklərdə gen mühəndisliyi sahəsində əldə edilən nailiyyətlər təbiətdə mövcud olmayan genetik modifikasiyaların dizayn edilib həyata keçirilməsinə imkan yaradıb.
Dünya əhalisinin və şəhərləşmənin sürətli şəkildə artması genetik modifikasiya olunmuş orqanizmlərin gündəlik həyatımıza inteqrasiyasını asanlaşdırıb. Günümüzdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, istehsal xərclərinin və pestisid istifadəsinin azaldılması, qida tərkibinin zənginləşdirilməsi və keyfiyyətinin artırılması, xəstəliklərə və ətraf mühitin təsirlərinə qarşı müqavimətin qazanılması məqsədilə yeni genetik tərkibli bitkilər yaradılıb. Herbisidlərə qarşı dayanıqlı soya, böcəklərə qarşı dayanıqlı qarğıdalı, yağ turşusu tərkibi dəyişdirilmiş kanola, viruslara qarşı müqavimət qazandırılmış gavalı, vitamin tərkibi zənginləşdirilmiş düyü genetik modifikasiya olunmuş bitkilərə misal olaraq göstərilə bilər.

Gen mühəndisliyi metodları eyni zamanda bioplastik istehsalında və dekorativ bitki sənayesində də geniş şəkildə tətbiq edilir. Bitkiciliklə yanaşı, heyvandarlıq sahəsində də bu metodların tətbiqi artmaqdadır. Böyümə prosesi sürətləndirilmiş və ölçüləri böyüdülmüş somon balıqları, dəli dana xəstəliyinə qarşı immuniteti artırılmış mal-qara, omega-3 yağ turşusu ilə zənginləşdirilmiş, xolesterol miqdarı və ya yağ turşusu tərkibi dəyişdirilmiş mal-qara və donuz genetik modifikasiya nümünələri olaraq göstərilə bilər. Dünya əhalisinin artım sürətini nəzərə alaraq, yaxın gələcəkdə istehlak edilən ətin təminatında ciddi problemlərlə qarşılaşacağımızı təxmin etmək mümkündür.

Hazırda qida ehtiyatının artırılması istiqamətində gen mühəndisliyi metodlarından istifadə getdikcə artır. Belə ki, gen mühəndisliyi metodları ilə kənd təsərrüfatı heyvanlarının istehsal etdikləri südün tərkibində olan faydalı proteinlərin miqdarı ya artırılır, ya da südün tərkibinə tamamilə yeni proteinlər əlavə edilir. Tərkibi dəyişdirilmiş süd ilə qidalanan yeni doğulan heyvanların inkişaf prosesinin sürətlənəcəyi, çəkilərinin artacağı və xəstəliklərə qarşı müqavimətlərinin güclənəcəyi ehtimal olunur.
Dərman sənayesi və tibb sahəsində GMO-lar əvəzedilməz rol oynayır. İstər vaksinlərin və farmaseptik proteinlərin istehsalında, istərsə də, xəstəliklərin müalicəsi üçün aparılan elmi-tədqiqat işlərində gen mühəndisliyi metodlarından geniş şəkildə istifadə edilir.

Gen mühəndisliyi metodlarının tətbiqinin həm qida, həm də qeyri-ərzaq sektorunda geniş yayılması və gələcəkdə törədə biləcəyi fəsadlar dünya ictimaiyyətində ciddi narahatçılıqlara səbəb olur. Hər hansı bir orqanizmin genomuna edilən modifikasiyalar orqanizmin metabolizmində, böyümə sürətində və ətraf mühitin təsirlərinə qarşı verəcəyi reaksiyalarda dəyişikliklərə yol aça bilər. Belə ki, genoma inteqrasiya edilmiş yeni genlər orqanizmin ümumi genom konfiqurasiyasını dəyişdirərək normal şərtlər altında aktiv olmayan bioloji prosesləri aktivləşdirərək toksik maddələrin istehsalına təkan verə bilər. Bu genetik dəyişikliklər həm GMO-nun özünə, həm də yaşadığı təbii mühitə, eyni zamanda ondan birbaşa və ya dolayı yolla istifadə edən insanlara öz təsirini göstərə bilər. İnsan sağlamlığına mənfi təsir göstərə biləcək ən önəmli risk mənbəyi insanların təbiətdə mövcud olmayan yeni allergenlərə məruz qalması və bağırsaq florasında antibiotiklərə müqavimətli olan yeni bakteriyaların ortaya çıxmasıdır.

GMO-larda olan pestisid, herbisid və ya antibiotik müqavimət genlərinin təbii orqanizmlərə keçmə ehtimalı nəinki insanlar üçün, eyni zamanda bütün ekosistem üçün təhlükə yarada bilər. Qeyd etmək lazımdır ki, GMO-larla fərqli növ təbii orqanizmlərarası gen transferi nəzəri olaraq inkar edilməsə də, praktik olaraq başvermə ehtimalı çox azdır. Bununla belə, hazırda ən böyük təhlükə genetik modifikasiya olunmuş orqanizmlər ilə öz növlərinə aid, təbiətdə mövcud olan orqanizmlər arasında gen transferinin (cütləşmə və ya mayalanma vasitəsi ilə eyni növ orqanizmlər arası genetik materialın transferi) baş verməsidir. Başqa sözlə, gen mühəndisliyi metodları ilə bir orqanizmə köçürülmüş yad genlər hər hansı genetik modifikasiya olunmamış təbii orqanizmlərin genomuna daxil olaraq, gələcəkdə ekosistemə bərpası mümkün olmayacaq zərbələr vura bilər. Böcəklərə qarşı müqaviməti təmin edən genin çarpaz mayalanma ilə digər təbii bitkilərə keçmə ehtimalı buna misal olaraq göstərilə bilər.
GMO-ların potensial riskləri istər elmi-tədqiqat institutları, istərsə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən biotexnologiya şirkətləri tərəfindən ətraflı şəkildə təhlil edilməyib. Bütün hallarda, genetik modifikasiya olunmuş və təbii qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri müqayisəli şəkildə araşdırılaraq, elmi əsaslara dayanan risk qiymətləndirilməsi aparılmalı və ictimaiyyətin narahatlığına son qoyulmalıdır. Bu sahədə mövcud olan potensial risk faktorları bir çox ölkələri genetik modifikasiya olunmuş məhsulların istehsalına və idxalına qismən və ya tam məhdudiyyətlərin gətirməsinə vadar edib.