Havanın qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vura bilərmi…

Son vaxtlar havaların qeyri-sabit keçməsi, Bakıda sulu qar, bölgələrdə isə qar yağması kənd təsərrüfatı üçün risklər yaratdı. Məlum olduğu kimi, aqrar sektorda bəzi məhsulların əkin, bəzi məhsulların isə gübrələnmə dövrüdür. Meyvəçilikdə isə çəyirdəkli meyvələr çiçəkləmək üzrədir. Bəs belə olan halda qeyri-sabit, yağıntılı hava şəraiti kənd təsərrüfatının ayrı-ayrı sahələrinə necə təsir edəcək?

Mövzu ilə bağlı danışan kənd təsərrüfatı eksperti Müslüm İbrahimov vurğuladı ki, havaların kəskin dəyişməsi kənd təsərrüfatı üçün yaxşı bir hadisə deyil,  müəyyən dərəcədə mənfi təsirləri ola bilər:“Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında bir koordinasiya mövcuddur, Kənd Təsərrüfatı Nazirliyinin konsultasiya mərkəzləri fəaliyyət göstərir. Fermer təsərrüfatları və kənd təsərrüfatı məhsulları istehsalçılarına öncədən məlumat çatdırılır ki, havaların kəskin dəyişməsi gözlənilir. Əgər bu proses baş vermirsə, o zaman problem yaşana bilər. Kənd təsərrüfatı hava şəraitindən birbaşa asılı olan istehsal sahəsidir. O baxımdan fermer təsərrüfatlarının rentabelliyi birbaşa iqlim göstəricilərindən asılıdır. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi arasında koordinasiya zəif olarsa, təbii ki, müəyyən mənfi nəticələr proqnozlaşdırmaq olar”.

Müslüm İbrahimov ile ilgili görsel sonucu

Ekspertin sözlərinə görə, burada ikinci vacib məqam, kənd təsərrüfatında sığorta sisteminin tətbiq olunmasıdır:“Konkret məhsulların istehsalı ilə məşğul olan fermer təsərrüfatlarını sığorta ilə təmin etmək lazımdır. Əsasən dövlət tərəfindən prioritet elan olunan sahələr də sığortanın tətbiqinə ehtiyac var. Çəltikçilik, fındıqçılıq, taxılçılıq, pambıqçılıq və digər bitkilərin istehsalı hava şəraitinə və digər faktorlara qarşı sığortalanmalıdır.

Kənd təsərrüfatı riskli bir sahədir. Dünyanın istənilən ölkəsində hava şəraiti aqrar sektora mənfi təsir edə bilər. Çünki dünya qlobal iqlim dəyişikliyindən əziyyət çəkir. Bu isə beynəlxalq aləmdə ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır”.

Murtuzəli Hacıyev ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirdi ki, hələlik hər hansı ciddi təsirdən söhbət gaetmir: “Hava şəraitinin bu cür dəyişməsi, yağıntının artması taxılçılıq üçün çox müsbət haldır. Bölgələrdə yağışların intensiv yağması xüsusilə dəmyə əkinçiliyi üçün çox əlverişlidir. Aran bölgəsində hazırda taxılın boruya çıxma, dağlıq bölgəsində isə kollanma fazasıdır. Fevral ayının sonundan taxıl sahələrinə gübrələr verilib, gübrələnmənin ardından yağıntının olması taxılçılıq üçün çox əlverişlidir. İkincisi, yazlıq bitkilər üçün bu çox əlverişlidir. Çünki torpaqda nəmliyin toplanmasına şərait yaradır.

Meyvəçiliyə gəldikdə isə hələ ki meyvə ağaclarının tam oyanma fazası deyil. Aran bölgələrində, xüsusilə də çəyirdəkli meyvələrin bəzilərində tumurcuqlanma, çiçəkləmə fazasının başlanğıcıdır. Kütləvi çiçəklənmə baş vermədiyindən hələlik elə bir mənfi təsiri yoxdur. Ümumilikdə götürdükdə əkinçilik üçün bu yağışların yağması çox əlverişlidir”. (“Yeni Müsavat”)