Qida Təhlükəsizliyi Agentliyi beynəlxalq təşkilatlarla ilk donor əlaqələndirmə görüşü keçirib

Bu gün Bakıda Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin həmsədrliyi 1-ci donor əlaqələndirmə görüşü keçirib.

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır.

Görüşdə çıxış edən Agentliyin sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri haqqında məlumat verərək qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Sədr bildirib ki, mayda baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan 2018” qida zənciri iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayacaq.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qida təhlükəsizliyi sahəsindəki mövcud vəziyyət, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığın gələcək imkanlarından söz açıb.

Qeyd edək ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycana akkreditə olunmuş səfirləri iştirak edir. (APA)