Azərbaycanda balığa olan tələbat nə qədərdir?

2017-ci ildə Azərbaycanda vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3 114,6 min manat və yaxud 2016-cı illə müqayisədə 5,9% çox vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, həmin vəsaitin 91,8%i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,2%i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 mln. ədəd balıq körpələrinin 423,1 mln. ədədi çəkikimilərin, 8,4 mln. ədədi nərəkimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların və 0,2 mln. ədədi qızıl balıqların payına düşüb.

Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton və ya 2016-cı illə müqayisədə 30,5% çox balıq ovlanıb. Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşüb.

Ümumilikdə 2017-ci ildə respublika üzrə hüquqi və fiziki şəxslər tərəfindən 63 812 ton təzə balıq ovlanıb.