Əhali 2 ay ərzində nə qədər ərzaq alıb?

2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5% üstələyərək 5,3 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 2,7 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-fevral aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,8% və 3,2% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,3%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 17,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının 13,6%-i ticarət müəssisələri, 53,1%-i fərdi sahibkarlar tərəfindən, 33,3%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 18,9%, fərdi sahibkarlar üzrə 0,4%, bazar və yarmarkalar 0,1% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 271,6 manat və ya 2017-ci ilin yanvar-fevral aylarının göstəricisindən nominal ifadədə 17,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 137,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.