Hindistanın qida məhsulları Bakıda sərgilənir

Martın 13-də “Amay” Ticarət Mərkəzində Hindistanın PHD Ticarət və Sənaye Palatasının (PHDCCI) eksklüziv Hindistan məhsullarının nümayişi və sərgisi açılıb.

Foodinfo.az xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana jurnalistlərə müsahibəsində bildirib ki, PHD Ticarət və Sənaye Palatası Azərbaycanda yeni partnyorlar axtarışındadır.

Səfir qeyd edib ki, “Hindistanın Ən Yaxşıları – Eksklüziv Hindistan Məhsulları” sərgisində 95 şirkət müxtəlif məhsullar təqdim edirlər. Bu məhsullara elektrik və elektronik məhsullar, velosiped, düyü, çay, ədviyyat, qablaşdırma, əczaçılıq, hədiyyə və əl işləri, dəftərxana ləvazimatları, ev mebelləri, tekstil və geyim, zərgərlik məhsulları, kosmetika daxildir.

“Azərbaycan və Hindistan arasında iqtisadi və ticarət əlaqələrinin, biznes əməkdaşlığının genişləndirilməsi və daha da möhkəmləndirilməsi məqsədilə Hindistan-Azərbaycan biznes-forumu çərçivəsində PHD Ticarət Palatası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq”, – deyə Sanjay Rana söyləyib.

Xatırladaq ki, bu tədbirlər Hindistan Hökumətinin Ticarət və Sənaye Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycan və Hindistan arasında ikitərəfli biznes əməkdaşlığı çərçivəsində keçirilir.

Sərgi martın 16-dək davam edəcək.