Qida Təhlükəsizliyi Agentliyi donor təşkilatlarla görüş təşkil edəcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə martın 16-da Four Seasons Otelində 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.

Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasındaəməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır.

Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, eyni zamanda qısa və orta müddətli hədəfləri üzrə təqdimatlar keçiriləcəkdir. Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunacaq, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunacaqdır.