Düyü və kərə yağı bahalaşdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, bu ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% ucuzlaşıb.

Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib