Bu gün od çərşənbəsidir

Bu gün hər il boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir.

Foodinfo.az xəbər verir ki, Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi var.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Bu inanclar qədimdən nəsildən nəsilə ötrülərək bu günümüzə kimi gəlib çatıb.

Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür-su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir.