Bu bitki gözün buynuz qişasının qidalanmasını yaxşılaşdırır

Çiçəklər təbiətin və fəsillərin yaraşığı, sevincli və kədərli günlərimizin şərikidir. Alimlər çiçəklər haqqında maraqlı fakt üzə çıxarıblar. Onlar təkcə estetik zövq mənbəyi deyil, həm də beyin xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayır.

Çin alimlərinin araşdırmalarına görə, nərgiz, novruzgülü, lavanda və zəfəran çiçəkləri bu sahədə bir sıra müalicəvi xüsusiyyətlərə malikdir.

Novruzgülünün tərkibində qalantemin maddəsi əqli zəiflik və qan dövranının xroniki pozulması zamanı faydalıdır. Həmin maddə nərgizin tərkibində də var və onun xərçəng əleyhinə təsirə malik olduğu güman edilir. Avstraliyalı alimlər ayırd ediblər ki, zəfəran gözün buynuz qişasının qidalanmasını yaxşılaşdırır və görməni itiləşdirir. Lavanda qorxu hissini aradan qaldırır, yuxusuzluqdan xilas edir, ağrıları və aqressivliyi azaldır. Südləyən gülü isə beyin hüceyrələrini qocalmadan qoruyur. Jasmin gözəlliyi ilə yanaşı məişətdə və tibdə faydalı şəkildə istifadə olunan bitkidir. Fransada onun gövdəsindən fleyta və tütək hazırlayırlar, Çində isə onu çaya əlavə edirlər. Jasminin cavan yarpaqlarından ətriyyat kimi istifadə olunur.

Onunla gözləri yumaq çox faydalıdır. Alimlərin fikrincə, onun ətri zəkanı cavanlaşdırır, yaradıcılığı və orijinal ideyaları stimullaşdırır. Təmiz, durğun, şirin su və göl səthində yetişən ağ zanbaq əsəblərin sakitləşməsi və fikir dağınıqlığının aradan qaldırılmasında tətbiq edilir. (AZƏRTAC)