Daha bir qanunsuz kəsilmiş at əti aşkarlandı

Balakən rayonunda qanunsuz kəsilmiş at əti aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Foodinfo.az-a verilən məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Muğumovun həyətinə baxış keçirilib.

Aparılan araşdırma zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı “Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilib.

Aşkarlanmış at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

At kəsimi ilə məşğul olan Ramazan Muğumov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi, at ətinin tədarükü ilə məşğul olduğunu etiraf edib. O, atı satmaq üçün kəsdiyini bildirib.

Qeyd edək ki, antisanitar şəraitdə kəsilmiş və 120 kiloqram çəkisi olan at əti müayinə başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.

Araşdırma aparılması məqsədilə toplanmış materiallar Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

Tarix: / Foodinfo