Dövlət agentliyindən saxta düyü və yumurta barədə açıqlama

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) ticarət mərkəzlərində audit yoxlaması həyata keçirir. Yoxlamada məqsəd vətəndaşların keyfiyyətsiz ərzaq məhsullarının satışı barədə şikayətlərini araşdırmaqdır.

Sosial şəbəkələrdə ölkədə saxta düyünün satıldığı barədə növbəti video yayılıb. Kişi düyüləri tavada əridərək onların plastik olduğunu iddia edir.

Düyü zahirən adi bir məhsul kimi görünsə də, videonun müəllifi iddia edir ki, o, düyünün dadına baxıb və ondan razı qalmayıb. Onun düyülərin tavada əriməsindən bəhs edən videosu sosial şəbəkə istifadəçilərini iki düşərgəyə bölüb. Şərh yazan istifadəçilərin bir qismi istehsalçıları və mağazaları günahlandırıb. Digər qismi isə video müəllifinin düyünün əriməsini aydın nümayiş etdirə bilmədiyini, plastik düyü əhvalatının sensasiya xatirinə uydurulduğunu qeyd edib.

Lakin QTA-dan bildiriblər ki, indiyə qədər onlara “plastik düyü” və ya “saxta toyuq yumurtası” barədə şikayət daxil olmayıb. Əgər bu tip şikayətlər olarsa, QTA vətəndaşları dərhal agentliyin “qaynar xətti” – (012) 565- 12-72 və ya (012) 565-12-82 nömrələri vasitəsilə onlara müraciət etməyə çağırıb. Agentlik daxil olan şikayətlər əsasında ticarət obyektlərində yoxlamalar həyata keçirməyi və ərzaqlardan nümunələr götürərək laboratoriya analizi aparmağı vəd edir.

QTA gənc qurumdur və 2018-ci ilin yanvarından ancaq fəaliyyətə başlayıb. Agentliyin nümayəndələri bildiriblər ki, heç bir şikayət diqqətdən kənarda qalmayacaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görüləcək. (Sputnik Azərbaycan)