“Astara çay-3” özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 mart tarixində keçiriləcək yeni hərrac elan olunub. Ümumilikdə hərraca 55 dövlət əmlakı çıxarılıb.

Dövlət Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, bunlardan 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaqla öyrənmək mümkündür. Qeyd edilməlidir ki, xarici investorları nəzərə alaraq hərracların elanları ingilis dilinə də tərcümə edilib və portalda yerləşdirilib.

Özəlləşməyə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var.  Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.