At, eşşək ətindən hazırlanıb 1 manata satılan dönərlər – Kim təqsirkardır?

Paytaxtın bəzi yerlərində 1 manata dönər satılır.  Bu hal ən çox da Yeni Yasamal adlandırılan ərazidə müşahidə edilir. Üstəlik, 1 manata satılan dönərlərin yanında ayran da verilir. Yəni, içki də bu qiymətə daxildir. Ayranın maya dəyərini 20 qəpikdən hesablasaq, deməli dönər əslində 80 qəpiyə satılır. Bəs dönərin bu qədər ucuz olmağı normaldır? Həmin dönərlər nə ətindən hazırlanır? Belə ucuz dönərlərin satıldığı dönərxanalara baxış keçirilirmi?

Bu suallara cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan münasibət öyrənmişik.

Eyyub Hüseynov bildirib ki, 1 manatlıq dönərlərin demək olar ki, hamısı vaxtı keçmiş toyuq ətindən hazırlanır:

“Bizim təşkilat çalışır ki, əhali ucuz və keyfiyyətli mal alsın. Malın ucuz olmağı mühim deyil, əsas odur ki, əhali maldan razı qalsın. Lakin təhlükəli mallarla bağlı xəbərdarlıq edirik. 3 il bundan öncə Standartlaşdırma Komitəsi dönərlərin hazırlanıb şişə keçirilib dondurulmasına nəzarət edirdi. Dönərlərin hansı ətdən hazırlanması nəzarətdə idi. İndi isə 1 manatlıq dönərlərin hamısı vaxtı keçmiş toyuqlardan hazırlanan yararsız məhsullardı”.

Eyyub Hüseynov ət dönərlərində də vəziyyətin fərqli olmadığını deyib:

“Ətlər isə at, eşşək və Hindistandan gələn dondurulmuş ətlərdir. Mən deyərdim ki, o dondurulmuş ətlər daha təhlükəsizdir”.

Onun sözlərinə görə, dönərxanalarda istifadəe dilən ətin haradan və hansı şəraitdə gətirilməsinə Dövlət Təhlükəsizlik Xidməti nəzarət etməlidir:

“O cür yerlərdə gigiyenik qaydalara da riayət edilmir. Ümumiyyətlə, nəzarətsizlik özbaşınalığa səbəb olur. Onlara şəxsən Dövlət Təhlükəsizlik  Xidməti nəzarət etməlidir. Bilinməlidir ki, istifadə edilən ət haradan gətirilir, nə ətidir, hansı qaydada satış edilir. Artıq 3 ilə yaxındır ki, bunlara heç kim nəzarət etmir”. (Sfera.az)