Halsızlıq, yaddaş zəifliyi, yuxu pozğunluğuna səbəb olan amillər

Qalxanvarı vəzin funksiyasının tam və ya hissəvi çatışmazlığı zamanı yaranan xəstəlik hipotireoz adlanır. Xəstəliyin yaranmasına vəzin şişləri, kəskin və xronik infeksion xəstəlikləri, radioaktiv yodla müalicə, tireostatik preparatların uzun müddət və nəzarətsiz istifadəsi, litium, amiodaron, “İnterferon” alfa preparatlarının qəbulu və bir sıra digər amillər aiddir.

Bu barədə Azərbaycan Tibb Universitetindən (ATU) Tədris Terapevtik Klinikasının endokrinoloqu Günel Əliyeva universitetin mətbuat xidmətinə verdiyi müsahibədə bildirib.

Həkim deyib: “Hepatit C xəstələrinin və başqa xəstəliklərin müalicəsində istifadə olunan “İnterferon” alfa immunitetə təsir edərək, Xaşimoto tireoiditinin yaranmasına səbəb olur, bəzi preparatlar isə hormon sintezini blokadaya salır. Orqanizmdə tiroid hormonların çatışmazlığı bir sıra ağır nəticələrə gətirib çıxarır. Subklinik hipotireoz zamanı qanın analizində sərbəst triyodtironin (sT3) və sərbəst tiroksin (sT4) miqdarı normal, TSH isə yüksək olur. Həmin hal preklinik hipotireoz, asimptomatik hipotireoz və ya kompensasiya hipotireozu da adlandırılır. Rastgəlmə tezliyi yaş, cinsiyyət və yod qəbulundan asılı olaraq dəyişir”.

Subklinik hipotireoz barədə danışan endokrinoloq adətən onun asimptomatik olduğunu söyləyib: “Otuz faiz hallarda simptomlar özünü büruzə verir. Bu zaman orqanizmdə mübadilə proseslərində ləngimə olduğundan xəstələrdə yorğunluq, halsızlıq, yaddaş zəifliyi, hissiyyat pozğunluqları, depressiya və yuxu pozğunluğuna rast gəlinir. Həmin xəstələrdə LDL artması, aterosklerotik dəyişikliklər də tez-tez rast gəlinən haldır. Müalicə qəbul etməyən subklinik hipotireozlu xəstələrin 18 faizi klinik hipotireozlu xəstələrə çevrilir. Vaxtında müalicə olunmadıqda xəstələrdə apatiya, bradikardiya, səsin kobudlaşması, əsasən əzələ toxumasında qlukozaminqlikanların depolanmasına, nəticədə bir müddət sonra ağırlaşma kimi miksedemaların yaranması, ödemlər, pubertal inkişafda ləngimə və digər ağır dəyişikliklər baş verir.

Subklinik hipotireoz vaxtında aşkarlananda və xəstələr düzgün müalicə olunanda klinik hipotireoz yaranmasının qarşısını almaq mümkündür”. (AZƏRTAC)