Saatlıda ötən il 39 min tona yaxın süd istehsal olunub

Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın da inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yeniləşir.

Rayon statistika idarəsindən bildirilib ki, 2018-ci ilin yanvar ayının 1-ə olan məlumata görə, Saatlının ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 548 baş iri buynuzlu mal-qara və 112 min 992 baş qoyun-keçi saxlanılır ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1008 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.

Ötən il rayonda 7 min 113 ton ət (diri çəkidə), 38 min 754 ton süd, 147,7 ton yun istehsal edilib ki, bu da ötən illərdəkindən xeyli çoxdur. (AZƏRTAC)