Arıçılar 200 manat subsidiya alacaq

Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq.

Bu barədə jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.

Prezidentin tapşırığı ilə arıçılığa dövlət dəstəyinin göstərilməsi istiqamətində bu il də lazımi addımlar atılacağını bildirən nazir deyib: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq sənədlər hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, yaxın günlərdə konkret qərar qəbul olunacaq. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda hər arı pətəyinə görə dövlət tərəfindən ildə 10 manat subsidiya veriləcəyini bildirib. Yəni, bir arıçının təxminən 20 arı ailəsi varsa, o, 200 manat subsidiya alacaq. Hesab edirik ki, bu, arıçılığın inkişafında mühüm rol oynacaq. Bu sahənin inkişafı üçün münbit baza da var”. (AZƏRTAC)