Azərbaycanda balıq ovu ilə bağlı statistika açıqlanıb

Azərbaycanda 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1 024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb. Balıq ovu illik müqayisədə 30,5% artıb.

Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilib.

Rəsmi statistikaya əsasən, 2017-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3 114,6 min manat və ya 2016-cı illə müqayisədə 5,9% çox vəsait sərf olunub. Həmin vəsaitin 91,8%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 8,2%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 437,2 mln. ədəd balıq körpələrinin 423,1 mln. ədədi çəkikimilərin, 8,4 mln. ədədi nərəkimilərin, 5,5 mln. ədədi bitki ilə qidalanan balıqların və 0,2 mln. ədədi qızıl balıqların payına düşüb.