Azərbaycanın 28 rayonunda 43 aqropark yaradılır

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirlikdən Foodinfo.az-a verilən məlumata görə, iclasda vurğulanıb ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda ölkənin 28 rayonunda 43 aqroparkın yaradılması həyata keçirilir ki, bunlardan 15-i 2018-ci ildə istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin və emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və aşağı maya dəyərli xammalla təmin edəcək, yerli məhsulların daxili və xarici bazarlarda rəqabətqabiliyyətini daha da artıracaq. Kollegiya iclasında digər regionlarda da yeni iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

İqtisadiyyat naziri bu il də əvvəlki illərdə olduğu kimi fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılacağını diqqətə çatdırıb, arıçılıq sahəsində qablaşdırmanın önəmini qeyd edərək, qablaşdırma müəssisələrinin yaradılmasının təşviq edilməsi və Nazirlik tərəfindən lazımi dəstəyin göstərilməsi barədə tapşırıq verib.