Lənkəranda sitrus bağlarından 13 min tona yaxın məhsul yığılıb

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında 2017-ci ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Foodinfo.az xəbər verir ki, hesabat ilində rayonda 50 hektar sahədə yeni çay plantasiyalarının salındığını, məhsuldar plantasiyalardan 241 ton yaşıl çay yarpağının yığıldığını, bunun hesabına 1,1 milyon manat gəlir əldə olunduğunu, 300 nəfərin daimi işlə təmin edildiyini vurğulayan icra hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin ölkəmizdə ekoloji cəhətdən təmiz və təhlükəsiz ərzaq məhsulları istehsalının artırılması barədə tapşırığının icrası ilə əlaqədar rayonda çəltikçiliyin inkişafına da xüsusi diqqət yetirildiyini və əkin sahələrinin 526 hektara çatdırıldığını qeyd edib. Respublikada ilk dəfə olaraq bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Cənubi Koreyadan gətirilərək ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib-biçilib. Nəticədə çəltik sahələrindən 1815 ton yüksəkkeyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib, 1068 nəfər işlə təmin olunub, məhsulun keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 çəltik zavodu quraşdırılıb.

Məruzədə, həmçinin sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar ötən il “Gilan Aqro” MMC tərəfindən 100 hektar sahədə xaricdən gətirilmiş yeni növ sitrus bağlarının salındığı, 200 nəfərin daimi işlə təmin olunduğu, ümumilikdə isə rayonda il ərzində 1282 hektar sitrus bağlarından 12900 ton məhsulun yığıldığı və bunun hesabına 7,7 milyon manat gəlirin əldə olunduğu qeyd edilib.

T.Qaraşov çıxışında ötən il rayonda heyvandarlıq məhsullarının istehsalı sahəsində də nailiyyətlərin qazanıldığını, diri çəkidə 6717 ton ət, 202,7 ton quş əti, 33790 ton süd və 15,9 milyon ədəd yumurtanın tədarük olunduğunu bildirib.