Azərbaycanın qida məhsulları qızıl medallara layiq görülüb

Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın 4 şirkəti Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “İlin ən yaxşı məhsulu 2018” nominasiyası üzrə qızıl medallara layiq görülüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Foodinfo.az-a bildiriblər ki, Azərbaycanın “Ayan” MMC şirkəti mineral çeşmə suyuna və alkoqolsuz içkiyə, “Bal xurma” şirkəti quru xurma və yarıqurudulmuş xurma məhsuluna görə hər biri 2 qızıl medalla təltif olunub. Bundan başqa, “Azərstar” şirkəti fındıq ləpəsi və fındıq ununa, Babək “Sirab” ASC təbii və müalicəvi suya görə qızıl medal alıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinə göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.

Qeyd edək ki, fevralın 9-dək davam edən sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən meyvə şirələri, müxtəlif növ içkilər və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar vahid ölkə stendi ilə təqdim edilib.