Komitə sədri: “Qida məhsullarının keyfiyyəti artırılmalıdr”

“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, ümumiyyətlə, ölkəyə gətirilən və ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin artırılması, daha da yaxşılaşdırılması üçün istər “Fitosanitar nəzarəti haqqında”, istərsə də “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər edilməsi vacibdir”.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Komitə sədri qeyd edib ki, qida məhsullarının keyfiyyətli olması, qida təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ən prioritet məsələlərdəndir.

“Çünki bu məsələlər hər birimizin marağı dairəsindədir. Odur ki, müvafiq qanunlarımız da bu məsələlərin daha yüksək səviyyədə tənzimlənməsi üçün daim yenilənməli, təkmilləşdirilməlidir. Lazım gələrsə, hətta, bu istiqmətdə yeni qanunlar qəbul edilməlidir. Həmçinin, Avropanın, qabaqcıl ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmalı və yararlanmalıdır”.

Eldar İbrahimov bu istiqamətdə qida təhlükəsizliyi ilə bağlı Dövlət Agentliyinin yaradılmasının çox vacib olduğunu bildirib. (Modern.az)