Prezidentin təyin etdiyi sədr Qarabağ veteranıdır

Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin tərcümeyi-halının mətbuatda açıqlanmasına baxmayaraq, ictimaiyyət onu heç də yaxından tanımır.

Foodinfo.az-ın xəbərinə görə, Q.Təhməzli Qarabağ müharibəsi veteranıdır.

Belə ki, o, 1992-ci il 26 fevral – Xocalı soyqırımı baş verəndən iki gün sonra, yəni fevralın 28-də dostları ilə birgə könüllü şəkildə müharibəyə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edib. Həmin vaxt Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) tələbəsi olan Q.Təhməzli bir aydan sonra cəbhəyə göndərilir. O və dostları Qarabağ müharibəsi zamanı hərbi səhra hospitallarının yaradılması işində iştirak edib. Cəbhədən qayıtdıqdan sonra Q.Təhməzliyə Azərbaycan Respublikasının müharibə veteranı adı verilib.

Q.Təhməzli bu haqda danışarkən “Mən bu adla şərəf duyuram”, – deyə, bildirib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb.

Foodinfo.az

Tarix: / Foodinfo