Qida Təhlükəsizliyi Agentliyi AZPROMO ilə sıx əməkdaşlıq edəcək

Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan sahibkarların, qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə sıx əməkdaşlıq edəcək.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov “Təhlükəsiz qida ilə ixraca dəstək” devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüşdə deyib.

Agentliyin sədri qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının ixracının dəstəklənməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin, habelə ixrac olunacaq məhsulların keyfiyyətli və təhlükəsizlik normalarına uyğun istehsalının əhəmiyyətini, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

“Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” proqramının layihə rəhbəri Yan Quildinq təhlükəsiz qida və ixraca dəstək mövzusunda təqdimatla çıxış edib.

Görüşdə sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb. (AZƏRTAC)

Tarix: / Foodinfo