Prezidentdən yeni qurumla bağlı mühüm SƏRƏNCAM

Üç nazirliyə aid əmlaklar Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib

Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Foodinfo.az xəbər verir ki, sənədə əsaəsn, laboratoriyalar, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Səhiyyə Nazirliyinin balansından Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

Bura İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası, Cəlilabad rayonunda yerləşən Lənkəran Regional Qida Sınaq Laboratoriyası, habelə Bakı şəhəri, S.S.Axundov küçəsi 73c ünvanında yerləşən Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti üzrə Bakı şəhəri, 8-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən Respublika Baytarlıq Laboratoriyası, Sabirabad, Göygöl, Bərdə, Quba və Qax rayonlarında yerləşən və hazırda fəaliyyətdə olan zona baytarlıq laboratoriyaları, Abşeron, Salyan, Ucar, Şəki, Lənkəran, Tovuz, Şamaxı və Beyləqan rayonlarında tikilməkdə olan zona baytarlıq laboratoriyaları, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti üzrə Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası, Respublika Karantin Ekspertiza Mərkəzinin Bakı şəhərində yerləşən laboratoriyası, Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən toksikologiya-nəzarət laboratoriyaları, Abşeron, Salyan, Sabirabad, Ucar, Göygöl, Şəki, Bərdə, Quba, Lənkəran, Tovuz və Şamaxı rayonlarında yerləşən karantin ekspertizası laboratoriyaları, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Bakı şəhərində yerləşən Qidalanma Gigiyenası Laboratoriyası daxildir.

Sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sərəncamda nəzərdə tutulan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etmək, tikilməkdə olan laboratoriyalar üçün nəzərdə tutulmuş vəsaitin Agentliyə ayrılmasını təmin etmək, Agentliklə birlikdə bu sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən və Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamın yuxarıda qeyd olunan hissəsinin icrası başa çatana qədər İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi həmin laboratoriyalardan istifadə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsini davam etdirəcək.

Qeyd edk ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Bu il yanvarın 1-də fəaliyyətə başlamış Agentliyin sədri Qoşqar Təhməzlidir.

Image result for qida

Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Foodinfo.az

Tarix: / Foodinfo