“Nə ziyanı ola bilər ki?” deməyin!

Bitki çayları ilə bağlı vacib xəbərdarlıqlar!

Bitki çayları əhali arasında “təbii müalicə və şəfa mənbəyi” kimi tanınır. Amma buna baxmayaraq, insanlar bitki çaylarının əks-təsirləri və riskləri barədə çox da məlumatlı deyillər.
Foodinfo.Az-ın bu sahədə qısa araşdırması nəticəsində məlum olub ki, bəzi bitki çayları düzgün və ya normada istifadə edilmədiyi təqdirdə sağlamlıq üçün təhlükəli ola bilir.
Onlardan bir neçəsini təqdim edirik:

– Yaşıl çay

Yüksək təzyiqi və ürək döyünməsi çox olan insanların 1-2 stəkandan çox içməsi məsləhət görülmür. Bu çay orqanizmdə maddələr mübadiləsinin təmin edilməsində faydalı olsa da, təzyiq üçün əks-təsir göstərir.

 

 

– Kəklikotu çayı
Bir çox insanın tez-tez istifadə etdiyi çaylar sırasındadır. Özünəməxsus iyi və dadı ilə fərqlənir. İdrar infeksiyaları, həzm problemi, tənəffüs yolu narahatlıqları və digər xəstəliklərdə faydalıdır.
Amma bu çay təzyiqi aşağı salır. Yüksək təzyiqli insanlar təzyiqi salmaq üçün kəklikotu çayı içərkən diqqətli olmalıdır. Çünki əks-təsirlər yaradır. Xüsusilə təzyiq dərmanı istifadə edənlərin həkim məsləhəti olmadan bu çaydan istifadə etməsi məsləhət görülmür.

 

– Kirpiotu çayı

İmmuniteti gücləndirir, soyuqdəymə zamanı güclü təsirə malikdir. Fəsil dəyişmələri zamanı xəstəliklərə qarşı vücudu gücləndirir.
Lakin, bu çay bəzi insanlarda allergiya yarada bilir. Hamilə qadınlar, allergiyası olanlar və xolestorol dərmanı qəbul edənlər xüsusilə ehtiyatlı olmalıdırlar.

 

 

– Zəncəfil çayı


Zəncəfilin soyuqdəymə, mədə və bağırsaq problemləri zamanı faydalı təsirə malik olduğu məlumdur. Ancaq bu şəfalı bitkinin əks təsirləri də var. Belə ki, öd kisəsində narahatlığı olanlarda öd turşusunu artırır. Bu insanların həkim məsləhəti olmadan zəncəfil çayı içməsi məsləhət görülmür.
Bundan başqa, hamilə qadınlarda hamiləliyin erkən sonlanmasına səbəb olur.

 

– Səna yarpağı çayı

Arıqlamaq istəyənlərin ən çox istifadə etdiyi bitki çayları arasında səna yarpağı çayı da yer alır. Bundan başqa, qəbzlik problemləri olanların da üstünlük verdiyi çaylardan biridir.
Lakin, 3 həftədən çox istifadə edildiyi halda bağırsaqda xroniki problemlər, hətta şiş yaradır. Həmçinin, bağırsaq funksiyalarının itməsinə yol açır.

 

– Adaçayı


Soyuqdəymə, öskürək və boğaz infeksiyalarının müalicəsində çox faydalıdır.
Buna baxmayaraq, yuxusuzluğa və hamilələrdə sancılara səbəb olur. Sinir sistemi narahatlığı olanlar və hamilə qadınların istifadə etməməsi tövsiyyə edilir.

 

 

– Uzun sarıkök çayı (zərdəçal)

Bu bitkinin tərkibindəki kurkumin maddəsi xərçəng və iltihabi xəstəliklərin yaranmasının qarşısını alır. Kimyaterapiya və radioterapiya müalicəsində faydalı təsirlər göstərir.
Zəncəfil çayında olduğu kimi, uzun sarıkök çayının da öd kisəsi narahatlığı olanlara əks-təsirləri var. Belə xəstələr bu çaydan uzaq durmalıdır.

 

– İtburnu çayı (həmərsin)
Tərkibindəki C vitamini sayəsində immun sistemini gücləndirir. Soyuqdəymə və qrip kimi infeksion xəstəliklərinin, həmçinin revtamizmanın müalicəsində faydalıdır.
3 stəkandan çox istifadə edildikdə isə dəridə qaşınma və allergiyaya səbəb olur.

 

Məsləhət

Sonda qeyd etmək istərdik ki, təbii çaylar müxtəlif xəstəliklərin müalicəsində faydalı olsa da, xeyirləri və ziyanları barədə araşdırmadan qəbul etmək məsləhət görülmür. Xüsusilə həkim məsləhəti olmadan heç bir bitki və dərmanın müalicə məqsədilə qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir.

Ayxan

Foodinfo.az