“Heç zaman dieta saxlamamışam”

Arıq görünmək və formada qalmaq üçün özümü ac saxlamıram

“Heç zaman dieta saxlamamışam. Buna görə də xanımlarımıza hansısa bir dieta resepti məsləhət edə bilməyəcəyəm. Sadəcə onlara deyə bilərəm ki, yeməklərinə fikir versinlər.”

Bu sözləri Kaspi.az-a müsahibəsində müğənni Nura Suri deyib.

O, bildirib ki, özüə yemək qadağası qoymur və ürəyi istəyən hər bir şeyi yeyir. “Düzdür, az-az, amma tez-tez yeyirəm. Gündə 5-6 dəfə yemək yeyirəm. Bundan başqa, idmanla mütəmadi məşğul oluram. İdmanla məşğul olan insanlara daha çox protein məsləhət görülür, əzələləri formada olsun deyə. Meyvə-tərəvəzi günün birinci yarısında yemək məsləhət görülür. Gecə yatana yaxın qatıq, kəsmik daha çox məsləhət görülür, xüsusilə də idman edənlər üçün. Əslində, mən heç bir qaydaya əməl etmirəm. Çünki peşəkar idmançı deyiləm. İdmanla məşğul oluram ki, həm formada qalım, həm də özümü xoşbəxt hiss edim. İdmanla məşğul olanda insan orqanizmində xoşbəxtlik hormonları istehsal olunur, insan özünü daha yaxşı hiss edir. Səhər yuxudan duranda acqarına iki stəkan su içirəm. Bundan yarım saat sonra yemək yeyirəm. Çalışıram ki, təbii vasitələrlə qidalanım. Belə ki, tərəvəz və digər qida məhsullarının təbii olmasına arxayın olmaq üçün bunları rayondan sifariş verirəm. Süd, kəsmik, göyərti, yumurtanı Gəncədən gətizdirirəm. Arıq görünmək və formada qalmaq üçün özümü ac saxlamıram.”

Etibar