Həkim: “Dəm qazının iyi yoxdur” – MƏSLƏHƏT

Zəhərlənmənin hiss edildiyi andan huşun itirilməsinə qədər olan müddət çox qısadır

Cəmiyyətdə ağır fəsadlarla nəticələnən dəm qazından zəhərlənmə hallarına mütəmadi olaraq rast gəlinir. Əfsuslar olsun ki, bəzən bu hadisələr bütöv ailənin ölümü ilə də nəticələnir. Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin, eləcə də digər aidiyyəti qurumların profilaktik və maarifləndirmə tədbirlərinin keçirilməsinə baxmayaraq, vəziyyət öz ciddiliyini qoruyur.

Foodinfo.az xəbər verir ki, dəm qazından zəhərlənmə hallarından özünüqoruma, intoksikasiya baş verdikdə onun əlamətləri və təxirəsalınmaz ilkin yardım haqqında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev universitetin mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: “Son illər Azərbaycanda dəm qazı və yanacaq məhsullarından zəhərlənmə hallarında ötən illərə nisbətən artma müşahidə olunur. Bu vəziyyəti yalnız Azərbaycana şamil etmək düzgün deyil. Belə ki, ABŞ-da hər il dəm qazından 10 mindən çox zəhərlənmə hadisəsi qeydə alınır. Avropa ölkələrində isə bu, alkoqollu içkilərdən zəhərlənmələrdən sonra ikinci yeri tutur.

Dəm qazından zəhərlənmə yüngül, orta və ağır dərəcələrdə olur.

Yüngül dərəcədə qanda karboksihemoqlobinin səviyyəsi 15-30 faiz təşkil edir. Bu zaman ümumi toksiki simptom olaraq başağrısı, qulaqlarda səs, başgicəllənmə, ürəkbulanma, təngnəfəslik, boğazda acışma, quru öskürək, ürək nahiyəsində xoşagəlməz hisslər meydana çıxır. Bu zaman adətən huşun itirilməsi müşahidə olunmur.

Qanda karboksihemoqlobinin səviyyəsi 30-40 faiz olduqda artıq orta dərəcəli zəhərlənmə hesab edilir. Bu zaman yorğunluq, xüsusilə aşağı ətraflarda artan zəiflik, görmə və eşitmədə pozuntular, şüur dolaşıqlığı, ürək ritminin pozulması, döş nahiyəsində ağrılar, qıcolmalar meydana çıxır. Dəm qazından orta dərəcəli intoksikasiyanın fərqləndirici cəhəti qısa müddətlik huşun itirilməsidir. Dərsliklərdə təsvir olunan və qanda karboksihemoqlobinin olması ilə bağlı yaranan dəri və dodaqların albalı-qırmızı rəngə boyanmasına nadir hallarda təsadüf edilir.

Ağır dərəcəli intoksikasiya zamanı qanda karboksihemoqlobinin səviyyəsi 40-50 faizədək yüksəlir. Bu zaman insan koma vəziyyətinə belə düşə bilər. Ağciyərlərdə toksiki pozuntular səbəbindən rabdomioliz sindromunun yaranması mümkündür.

İntoksikasiyanın fəsadlarına gəldikdə isə yüngül dərəcəli zəhərlənmədə belə baş ağrıları və digər simptomlar bir qədər sonra yeni qüvvə ilə təkrar olunur. Bəzi xəstələrdə isə müalicəyə baxmayaraq, təxminən iki həftə sonra gecikmiş nevroloji fəsadlar yarana bilər. Bu, düşüncə qabiliyyətinin və yaddaşın zəifləməsi, baş ağrıları, əzələlərdə zəiflik və əsmə ilə özünü büruzə verən, induksiyalanmış və təxirə salınmış neyropsixi sindromdur.

Bəziləri düşünür ki, dəm qazının spesifik iyi var. Lakin, bu belə deyil, dəm qazının heç bir iyi və rəngi yoxdur.

Zəhərlənmə hallarında zaman çox böyük rol oynayır. Adətən zəhərlənənlər qazın onları “tutduğunu” hiss etdiklərini deyirlər. Lakin, yadda saxlamaq lazımdır ki, zəhərlənmənin birinci simptomlarının hiss edildiyi andan huşun itirilməsinə qədər olan dövr çox qısadır. Bəzən bu, bir dəqiqədən də az ola bilər. Bu səbəbdən də, simptomlar hiss edildikdə həmin yeri dərhal tərk etmək lazımdır.

Zəhərlənmə zamanı ilkin yardım kimi xəstəni dəm qazının çox yığıldığı yerdən təmiz havaya çıxartmaq və ağız boşluğunu təmizləyərək tənəffüs yollarının keçiriciliyini bərpa etmək vacibdir. Komatoz vəziyyət zamanı isə ağız boşluğuna hava ötürən boru yerləşdirilir.

Dəm qazı zəhərlənmələri zamanı antidot kimi, üzə kip bağlanılmış maska vasitəsilə 100 faizli oksigen tətbiq olunur. Huşu itmiş xəstələrdə intubasiya aparılmalı və 100 faizli oksigenlə ağciyərlər süni ventilyasiya edilməlidir.

Əlavə müalicə üsulları kimi infuzion, vitamin, kəhrəba turşusu və simptomatik terapiya tətbiq edilir. Bundan başqa, həkim arterial hipotenziyanın və ürək ritminin dəyişmələrinin korreksiyasına, qıcolmaların aradan qaldırılmasına yönəlmiş terapiyanın aparılmasına hazır olmalıdır. Bir çox xəstələrə isə həkim nevropatoloqun məsləhəti tələb olunur.

Zəhərlənmələrə qarşı ilk profilaktik tədbir işlədilən qaz cihazlarının təyinatı üzrə istismar qaydalarının nəzərə alınmasıdır. Binaları isitmək üçün təhlükəsizlik standartlarına cavab verməyən sobalar və plitələrdən istifadə olunmamalıdır. Daşına bilən qaz plitələri yalnız küçə şəraitində istifadə oluna bilər. Yanacaqla işləyən elektrik generatorlarından qapalı məkanlarda istifadə etmək olmaz.

Qaz cihazları olan otaqlarda dəm qazının səviyyəsini müəyyən edən analizatorların quraşdırılması çox yaxşı olardı. Bu, qiyməti çox baha olmayan və etibarlı cihazlar dəm qazının təhlükəli konsentrasiyasını aşkar etdikdə uca səs siqnalı verir.

Ümumiyyətlə, təhlükəsizlik texnikasının çox da mürəkkəb olmayan qaydalarına riayət etməklə özünüzü və yaxınlarınızı bu ağır, bəzən də ölümcül zəhərlənmədən qoruya bilərsiniz”.

Foodinfo.az