“Aqrolizinq” “Hövsan Quşçuluq” MMC-ni məhkəməyə verdi – ÖZƏL

İddia təmin olundumu?

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Hövsan Quşçuluq” MMC-ni məhkəməyə verib.

Foodinfo.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC quşçuluq şirkətindən pul vəsaitinin tutulması, müqavilənin ləğv edilərək lizinq obyektinin və onun yerləşdiyi tikilinin kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə tələb irəli sürüb.

İddia qismən təmin edilib.

Qərarla razılaşmayan MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Hövsan Quşçuluq” MMC ölkənin ən iri quşçuluqu müəssisələrindən biridir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” ASC dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir. Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.

Foodinfo.az