Qida təhlükəsizliyinin təmin olunması vacib məsələdir – akademik

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib

İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev son zamanlar ölkədə təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Alim bildirib ki, ictimai həyatın bütün sferalarında təhlükəsizliyin təmin olunması ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Foodinfo.az xəbər verir ki, R.Əliquliyev Azərbaycanda son illərdə qida təhlükəsizliyinin təmini, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində mühüm nailiyyətlərin əldə edildiyini söyləyib. Dövlət başçısının ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin, eyni zamanda, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı imzaladığı Fərmanın bu istiqamətdə əhəmiyyətli addımlardan olduğunu vurğulayıb.

AMEA-nın akademik-katibi qeyd edilən sahədə dünya təcrübəsindən də söz açıb, Rusiya Elmlər Akademiyasında qida kimyası ilə bağlı laboratoriyaların fəaliyyət göstərdiyini, elmi-nəzəri tədqiqatların aparıldığını bildirib.

Qida təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının zəruriliyini diqqətə çatdıran akademik R.Əliquliyev bu sahədə kimya elmləri istiqamətində fəaliyyət göstərən alim və mütəxəssislər qarşısında xüsusi vəzifələrin dayandığını qeyd edib. Ölkədə qida kimyası sahəsində fundamental tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.