“ASAN xidmət” Azərbaycan vətəndaşlarına Şengen vizası verəcək

Dövlət Agentliyində birgə İşçi Qrupu da yaradılıb

“Bu ildən “ASAN xidmət” Azərbaycan vətəndaşlarına da viza verəcək”.

Foodinfo.az-ın xəbərinə görə, bunu “Report”a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov deyib.

O xatırladıb ki, 2017-ci il yanvar ayının 10-dan etibarən “ASAN Visa” sistemi ilə xarici vətəndaşlara viza verilməsinə başlanılıb, sistem qurulduqdan sonra turistlərin ölkəyə gəlişi asanlaşıb: “Bu günə kimi sistem vasitəsilə 280 minə yaxın şəxsə Azərbaycana gəlməsi üçün viza verilib. Hazırda viza verən ölkələrin sayı 81-dən 94-ə qalxıb. Əvvəlcə vizalar ancaq 3 iş günü ərzində verilirdisə, 2017-ci ilin ortalarından başlayaraq 3 saat ərzində də viza verilməsi mümkünləşib, bu isə turistlərin işini daha da asanlaşdırıb. Əvvəl vizalar 30 gün üçün birgirişli formada verilirdisə cənab Prezidentin fərmanı ilə Miqrasiya Məcəlləsinə olan sonuncu dəyişiklik isə artıq vizaların çoxgirişli və 90 günlük verilməsini müəyyən edib. Yaxın günlərdə sistemin bu dəyişikliyə uyğunlaşdırılması həyata keçiriləcək”.

Image result for asan xidmət

Şöbə sistemdə olan dəyişiklərlə bağlı da danışıb. Onun sözlərinə görə, yenilik “ASAN viza 2.0” sisteminin yaradılmasına başlanılmasıdır: “Bu sistem Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi işini aparacaq. Hazırda sistem üzərində işlər gedir. Yeni xidmət üçün “ASAN xidmət”in bütün mərkəzlərində yeni şöbə yaradılacaq. Səfirliklərin ölkədəki şöbələri bir sistemə qoşulacaq və mərkəzlərdə yaradılan yeni şöbə bütün səfirliklərlərə aid vizalar üçün müraciətləri qəbul edə biləcək. Nazirliklərin elektron xidmətlərindən istifadə olunduğu üçün viza alınması əməliyyatı vətəndaşlar üçün daha da asanlaşdırılacaq. Artıq vətəndaşın özü ilə gətirməli olduğu sənədlərin sayı azalacaq, həmin sənədlər müvafiq qurumların sistemlərindən götürüləcək. Həmçinin, bundan sonra “ASAN xidmət” mərkəzlərinin olduğu regionların vətəndaşları viza almaq üçün paytaxta gəlmək məcburiyyətində qalmayacaq, sənəd yığmalı, növbəyə durmalı olmayacaq. Vətəndaşlar ancaq viza sənədini götürmək üçün səfirliklərə gedəcəklər”.

C.Salmanov həmçinin qeyd edib ki, 2018-ci ildə bu sistemin fəaliyyətə başlaması nəzərdə tutulub: “Artıq pilot səfirliklərin seçilməsi işinə başlanılıb. İlkin olaraq Mərakeş səfirliyi seçilib. Litva (Şengen vizası – Foodinfo.az) və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri ilə bu istiqamətdə danışıqlar aparılır. Dövlət Agentliyində bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumlar ilə birgə İşçi Qrupu da yaradılıb”.

Tarix: / Foodinfo