Qış bağı əsəbi qoruyur

Bu bağın təşkili stress və gərginlikdən uzaq olmağa xidmət edir

Qış bağı sağlamlıq üçün çox faydalı bir məkandır, onun havası oksigen və ozonla zəngin olur. Qış bağını ilin istənilən fəslində təşkil etmək mümkündür. Evdə, ofisdə və şəhərdənkənar bağ evlərində ekzotik bitkilərdən ibarət “yaşıl cənnət” xoş ovqat yaradır, gözəllik və yaraşıq bəxş edir. Qış bağı bir növ kiçik oranjereyadır, istənilən dekorativ bitki, çiçək və tərəvəzi orada yetişdirmək olar. Stress və gərginlikdən uzaq olmaq, əsəbi qorumağın ən gözəl üsulu qış bağında istirahət etməkdir. Dekorativ bitki yerləşdirilməsində yaradıcılıq və fantaziya tətbiq etmək üçün də qış bağı yaxşı məkandır.

Foodinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin dediyinə görə, qış bağı təşkil edilərkən ilk növbədə həmin ərazidə zonallıq nəzərə alınmalıdır. Məsələn, işıqsevər bitkilər bir qədər pəncərəyə yaxın, kölgəyə davamlılar isə içərilərə doğru yerləşdirilməlidir. Bir qədər iri həcmli fikus və palmaları otağın mərkəzində və ya bir qədər periferiyaya yaxın yerləşdirmək olar, çünki həmin bitkilər rütubətli, işıq təchizatı gur olmayan və kəskin temperatur dəyişmələri ilə üzləşməyən mühitə davamlıdır. Daha harmonik kompozisiya yaratmaq üçün orta ölçülü filodendron, aspidistra, kaladium və lakateya kimi bitkilərə üstünlük vermək lazımdır. Lakin həmin bitkilər qayğıya daha çox tələbkardır. Onları asanlıqla tipinə və yarpaqlarının rənginə görə qrup halında yerləşdirmək mümkündür. Çiçəkləyən bitkilər isə fərdi qaydada ayrı saxlanılmalıdır. Onlar qış müddətində az çiçəkləyir və çiçəklədiyi vaxt ətrafa gözəllik bəxş edir. Xlorofitum, asparaqus kimi sarmaşan bitkiləri isə başqa bir guşədə saxlamaq məsləhət görülür.

Bioloq–alim daha sonra deyib: “Qış bağlarında havalandırma sistemi düzgün təşkil edilməlidir, onu düzgün etmədikdə evin divarlarında rütubət əlaməti olan tünd ləkələr əmələ gəlir. Otağın havasını həddindən artıq qurutmaq da lazım deyil, çünki həmin şəraitdə bitki yarpaqlarının uclarında sarımtıl ləkələr yaranmağa başlayır. Həmin əlamətlər havanın çox quru, rütubətin az olduğunu nişan verir. Belə şəraitdə bitkilərin səthi mütəmadi olaraq spreylə isladılmalı və ya mikrodamcılı suvarma tətbiq edilməlidir.

Bağın yerinin keramik plitələrlə döşənməsi təbii landşaftı xatırladır və gözəl estetik görüntü yaradır. Parket döşəmə üzərində iri dibçəklər saxlandıqda kondensat nəticəsində kif göbələkləri əmələ gəlir, keramik plitələr yerdə göbələk əmələ gətirmir.

Ev şəraitində qış bağını təşkil etmək üçün ilk növbədə yabanı, təbiətdən başqa digər mühitə qarşı da davamlı olan dekorativ bitkilər, məsələn, liana, palma, müxtəlif ağaclar və s. seçmək lazımdır. Bir deyil, bir neçə bitkidən istifadə etmək istəyəndə spatifillium, anturium, yukka, dratsena, şeffler, aqlaonem və diffenbaxiya kimi bitkilər daha əlverişlidir. Qış bağına səhra havası qatmaq üçün sukkulent bitkilərdən kaktus, sansivyeriya, aqava və s. dən istifadə etmək olar. Tropik hava yaratmaq üçün sarmaşan liana, asplenium, nefrolepsis, palma, xrizalidokarpus, rəngli orxideya kimi bitkilər üstünlük təşkil etməlidir. Bağa Şərq motivləri qatmaq üçün limon, naringi, kalamandin, nar, püstə kimi meyvə verən bitkilər əkilməlidir.

Qış bağının divarlarının şəffaf şüşədən təşkil olunması çox münasibdir. Əgər bunu etmək mümkün deyilsə, onda onu evdəki otaqlarda yaratmaq barədə düşünmək lazımdır, lakin həmin halda otaqdakı “mikroiqlim” bitkilər üçün əlverişli olmalıdır. Otaqda temperaturun kəskin dəyişmələrinə yol vermək olmaz”.

Tarix: / Foodinfo