“Bizim market”də müştəri ağır xəsarət aldı

“Saatyarım yarıhuşsuz vəziyyətdə qalmışam”

Məşhur “Bizim market” mağazalar şəbəkəsinin Metropolitenin “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən mağazasında insident olub. Bakı sakini Tünzalə Bayramova yerə duru yağın dağılması nəticəsində yıxılıb və qolu sınıb. Foodinfo.az-ın xəbərinə görə, bu barədə istiqlal.az saytına T.Bayramovanın özü məlumat verib.

Onun sözlərinə görə, hadisə 2017-ci ilin iyulun 4-də axşam 8 radələrində baş verib: “Marketə daxil olub müəyyən məhsullar almaq istədim. Yağ bölməsinin qarşısından keçərkən ayağım sürüşdü və yerə yıxıldım. Yağ mənə qədər dağılmışdı. Mən təbii ki, bunu bilmirdim. Huşum getmişdi. Düz 1,5 saat yarıhuşsuz vəziyyətdə qalmışam. Dedim ki, qolum sınıb, buz gətirin, satıcı oğlan buz gətirdi, mühafizə xidməti kənardan durub tamaşa edirdi. Ancaq heç bir başqa yardım olmadı. Özümə gələndən sonra satıcı oğlanın köməyi ilə taksi sifariş verdim və evə gəldim. Səhəri – iyulun 5-də ağrılar artdığı üçün “Semaşko” xəstəxanasına gedib qoluma rentgenə saldırdım. 2 yerdən sınmışdı. Qoluma gips qoyuldu. O vaxtdan 2 dəfə gipsi dəyişiblər. İndi də gipsdəyəm və ağrılar qalır”.

T.Bayramova deyir ki, onu ən çox çox ağrıdan qolunun sınması yox, market rəhbərliyinin onu günahkar çıxartmasıdır: “Əgər yerə yağ dağılmışdısa, market rəhbərliyinin borcu idi ki, həmin bölmədə satışı müvəqqəti dayandırıb, təmizlik işləri aparsın. Bu təhlükəsizlik baxımından vacibdir. İkinci, 1,5 saat yerdə qalmışam, məni ordan qaldırmayıblar, təcili tibbi yardım çağırılmayıb. Hadisədən 10 gün sonra marketə getdim. Müdiriyyət çox kobud şəkildə dedi ki, bu sənin günahın və qismətindir. Guya yağı mən dağıtmışdım. Onlardan təzminat tələb etmək fikrim yox idi, sadəcə, üzrxahlıq gözləyirdim, əksinə məni borclu çıxartdılar. Marketin kamerasında bütün görüntülər var. Onlardan təzminat istəsəydim, dərhal polisə müraciət edər, sınığı rəsmiləşdirərdim. İstəmədim kimsə mənə görə ziyan çəksin. Ancaq bunu müqabilində üzr istəmək əvəzinə məni günahkar çıxartmaları məni hiddətləndirir, üstündən 5 ay ötsə də onların hərəkətini həzm edə bilmirəm.Onsuz da sınıq ağrıları hələ də davam edir və bütün əsəb sistemim pozulub. Bəlkə də bu ağrılar ömrüm boyu məni təqib edəcək”.

Tünzalə Bayramova

Sonda T.Bayramova məsələyə hüquqi vermək üçün hüquq mühafizə orqanlarına mürciət edəcəyini dedi: “Müalicə xərclərini dostlarım və qohumlarım qarşılayıb. Tutaq ki, bu hadisə mənim yox, kimsəsizin və ya yoxsulun başına gəlib. Onda necə olacaqdı? Market rəhbərliyinin danışığından anladım ki, onların belə qurbanları çox olub. Ona görə də yaxşı olar ki, məsələyə hüquqi qiymət verilsin və market rəhbərliyinin məsuliyyəti müəyyənləşsin. Orada təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. 2 rəfin ortasına təhlükəsizlik qaydalarına zidd olaraq 3-cü rəf quraşdırılıb. Qolumun sınmasında bu amil ciddi rol oynayıb. Bu məsələni də hüquq-mühafizə orqanları araşdırmalıdır”.

Foodinfo.az

Tarix: / Foodinfo