“Kiçik və orta sahibkarlıq evi” yaradılır

Agentliyin Müşahidə Şurasının sədri Şahin Mustafayevdir

Prezident İlham Əliyev “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Foodinfo.az “Report”a istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılıb.

“Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir (hazırda Şahin Mustafayevdir). Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirəcək. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.

Vergilər Nazirliyinə Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tarix: / Foodinfo