““Siyəzən broyler” və “Avrora” dindarları aldadır”

““Siyəzən broyler” və “Avrora” firması dindarları aldadır, dövlətin qanunlarını pozur.

Foodinfo.az xəbər verir ki, bununla bağlı “AzeSERT HALAL” MMC-dən “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) məlumat daxil olub. Məlumatda qeyd olunub ki, “AzeSERT HALAL” Halal məhsulların Sertifikatlaşdırılması üzrə Orqan tərəfindən aşağida adları göstərilən müəssisələrdə istehsal olunan məhsulların “Halal” qaydalara uyğun sertifikatlaşdırılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələrdə istehsal olunan məhsullara “Halal” uyğunluq sertifikatı verilməyib. “AzeSERT HALAL” Halal məhsulların Sertifikatlaşdırılması üzrə Orqan tərəfindən ticarət dövriyyəsində “Siyəzən Broyler” ASC-ti tərəfindən istehsal olunan broyler cücə əti və “Avrora” firmasının istehsalıolan“Rosko” əmtəə nişanlı kolbasa məmulatlarının markalanması və reklamında qeyri-qanuni olaraq AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) “Halal Qida” Dövlət Standartı. Ümumi tələblər”, AZS 386-2012 “Halal” termininin istifadəsi üzrə ümumi qaydalar”ına uyğun sertifikatlaşdırılmadan “AzeSERT HALAL” MMC-yə məxsus “HALAL” nişanından istifadə olunduğu aşkarlanıb:

“Dəfələrlə şifahi və yazılı müraciət etməyimizə baxmayaraq,“Siyəzən Broyler” ASC-ti və “Avrora” firması istehsal olunan məhsulların qeyd edilən standartın tələblərinə təkrar uyğunluğunun qiymətləndirilməsinin aparılmasından yayınaraq “HALAL” nişanından qeyri-qanuni istifadəsini davam etdirir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən istehsalçı istehlakçıya keyfiyyəti normativ sənədlərə və mal (iş, xidmət) haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.

Bildirmək istəyirik ki, bizim akkreditə edilmiş sertifikaltlaşdırma orqanının nişanının qeyri-qanuni və icazəmiz olmadan məhsulun üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi, istehlakçıların və müvafiq qurumların yanlış məlumatlandırılmasına səbəb olur və eyni zamanda müəssisəmizin nüfuzuna mənfi təsir göstərir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaya görə məsuliyyət nəzərdə tutulub.

Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əmtəə nişanlarından qanunsuz istifadə edilməsinə görə inzibati məsiliyyət nəzərdə tutulub”.

Foodinfo.az